BAYRAQDAR MEDİA – Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra əksər ölkələrdə mümkün zəlzələlərə hazırlıqla bağlı addımlar atılır. Öz növbəsində Kuzey Kıbrıs Türk Cümhuriyyətində də müvafiq addım atılıb.
Kibris Türk xəbər verir ki, İctimai İşlər və Nəqliyyat Nazirliyində zəlzələyə hazırlıqla bağlı geniş toplantı keçirilib.
Müxtəlif qurumların təmsilçilərinin iştirak etdiyi iclasda çıxış edən nazir Erhan Arıklı, “İclasın məqsədi mümkün zəlzələ zamanı KKTC-nin kommunikasiya infrastrukturunun vəziyyətinin qiymətləndirilməsi və lazımi tədbirlərin görülməsi üçün nələr edilə biləcəyi barədə fikir mübadiləsi aparmaqdır” deyib.
O, həmçinin, “Ən çox diqqət etməli olduğumuz məqam adanın 200 km cənubundan keçən fay xəttidir” deyə bildirib.
E.Arıklı bu xəttin Mağusa üçün risk yaratdığını qeyd edib.
İclasda İctimai İşlər və Nəqliyyat Nazirliyinin müşaviri Enver Öztürkün sədrlik ilə Rabitə Komitəsi yaradılıb. Komitə gələn həftə ilk iclasını keçirəcək və mümkün zəlzələdən sonra fasiləsiz rabitə ilə bağlı komitə üzvlərinin təklifləri qiymətləndiriləcək. Komitə müvafiq dövlət qurumları və təşkilatları, GSM operatorları və internet provayderləri də daxil olmaqla, sektorun bütün maraqlı tərəflərinin nümayəndələrindən ibarət olacaq.





