Press "Enter" to skip to content

Laçın-Xankəndi yolu Azərbaycan tərəfindən tam nəzarətə götürülməlidir

Dr. Yücel Karauz

Dr. Yücel Karauz: Əgər Avropa Birliyi və Rusiyaya etirazlar da nəticəsiz tamamlanarsa, o zaman Azərbaycanın antiterror əməliyyatlarına başlamaqdan başqa yolu qalmayacaq

BAYRAQDAR MEDİA – “Mən öncə martın 5-də Ermənistanın növbəti təxribatı zamanı həyatını itirən şəhidlərimizə Allahdan rəhmət diləyir, Azərbaycan dövlətinə və xalqına başsağlığı verirəm. Sonra isə onu qeyd edim ki, bu, gözlənilən idi. Çünki 10 noyabr Bəyanatının imzalanmasından iki ildən çox vaxt keçməsinə baxmayaraq hələ də Rusiya sülhməramlıları erməni terror qruplarını və qanunsuz erməni silahlı birləşmələrini Qarabağdan çıxarmağı bacarmadı. Bacara bilmədiyi kimi də bu terror qruplarını görməzlikdən gəlirlər”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.

Xatırladaq ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistandan hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Bu zaman, qarşı tərəfdən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olub. Qarşı tərəf Azərbaycan Silahlı Qüvvələri tərəfindən açılan cavab atəşi ilə susdurulub.

Dr. Y.Karauz bildirib ki, regionda əbədi sülhə gedən yol Qarabağdakı erməni silahlı qüvvələrinin varlığına son qoyulmasından keçir: “Bu təxribat bir daha ondan xəbər verir ki, Laçın-Xankəndi yolu, həmçinin, ərazidən keçən digər yollar mütləq Azərbaycan tərəfinin nəzarəti altına alınmalıdır. Çünki baş verənlər bölgəyə Ermənistan tərəfindən minalar, həmçinin silah-sursatın daşındığını bütün çılpaqlığı ilə ortaya qoyur. Deməli, bu cür davam edəcəyi təqdirdə martın 5-dəki kimi təxribatlar da səngiməyəcək. Ona görə də hesab edirəm ki, ilk öncə Laçın-Xankəndi yolu Azərbaycan tərəfindən tam nəzarətə götürülməlidir. Yəni həmin sahədə Azərbaycan dövləti də post quraraq əraziyə gəlib-gedənlərin hamısını yoxlamalıdır. Bu zaman Xankəndi və ətrafındakı erməni bölücülərinə Ermənistandan silah və sursatın daşınmasının qarşısı alınacaqdır”.

Müsahibimiz deyib ki, Azərbaycan, eyni zamanda, sülh təşəbbüsləri ilə çıxış edən, lakin Ermənistana heç bir təzyiq göstərməyən həm Rusiyaya, həm də Birliyinə öz ciddi etirazını çatdırmalıdır: “Əgər AB və Rusiyaya bu etirazlar da nəticəsiz tamamlanarsa, o zaman Azərbaycanın antiterror əməliyyatlarına başlamaqdan başqa yolu qalmayacaq. Bir sözlə, əgər Ermənistan öz təxribatlarına davam edərsə, Rusiya və AB də məsələyə sükutla yanaşarsa, o zaman Azərbaycan öz qətiyyətini göstərməli, ərazini terrorçu və qanunsuz silahlı birləşmələrdən tamamilə təmizləməlidir”.

Mission News Theme by Compete Themes.