Press "Enter" to skip to content

Bəzi Qərb qurumları islamofob, türkofob addımları ilə “fərqlənirlər”

Vüqar İskəndərov

Son yeniləmə: 15 Mart 2023 10:06

Vüqar İskəndərov: Bu sırada gecə-gündüz Azərbaycana qarşı fəaliyyəti, o cümlədən ermənisevərliyi ilə tanınan Avropa Parlamenti də var

BAYRAQDAR MEDİA – “Təəssüflə olsa da qeyd etməliyik ki, bu gün bəzi Qərb qurumları islamofob, türkofob addımları ilə “fərqlənirlər”. Təsadüfi deyil ki, bu sırada gecə-gündüz Azərbaycana qarşı fəaliyyəti, o cümlədən ermənisevərliyi, işğlaçı Ermənistana dəstəyi ilə tanınan Avropa Parlamenti (AP) də var”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, müasir səlibçilərə çevrilən AP-nin bir sıra deputatları irqçi, islamofob, Azərbaycanofob, türkofob mövqeləri və ikili standartları ilə tanınır: “Biz görürük ki, Avropa Parlamentinin yanaşmasında ərazi bütövlüyü anlayışı ancaq Ermənistan kontekstində keçərlidir. Azərbaycana gəldikdə isə ərazi bütövlüyü Avropa Parlamentində oturanların yadına düşmür. Çünki onlar proseslərə dini kontekstdən yanaşırlar. Bu isə təhlükəli və acınacaqlı bir durumdur. Görünən odur ki, XXI əsrdə Avropanın mərkəzində deputatlar Ermənistan-Azərbaycan münasibətlərinə sırf xristian həmrəyliyi prizmasından baxırlar. Bu isə onların orta əsr səlib yürüşləri dövrünün təfəkkürünə qayıtdıqlarını sübut edir”.

Deputat qeyd edib ki, Ermənistanın məğlubiyyətini həzm edə bilməyən, ermənilərdən daha çox erməniçilik edən AP Azərbaycana qarşı düşmən yanaşmasından əl çəkmir: “Əksinə, keçən hər gün ərzində bu beynəlxalq qurum Azərbaycana qarşı yeni-yeni addımlar atır. Avropa Parlamenti yaxın günlərdə növbəti dəfə Azərbaycana qarşı obyektivlikdən və reallıqdan uzaq, böhtan xarakterli qətnamə qəbul etməyə hazırlaşır. Bu, bir daha AP-nin Azərbaycana münasibətdə necə düşmən mövqedə dayandığını sübut edir”.

V.İskəndərovun sözlərinə görə, bütün bunlar AP-nin erməniüzlü bir təşkilat olduğunu bir daha təsdiqləyir: “Ümumiyyətlə, AP tərəfindən Azərbaycana qarşı təşəbbüslərin və qətnamələrin artıq sayı-hesabı itib. Sanki AP Ermənistan Parlamentinin komitəsinə çevrilib, Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən göndərilən layihələri notarius kimi təsdiqləyir”.

Deputat bildirib ki, AP-nin vaxtaşırı kampaniya xarakterli anti-Azərbaycan fəaliyyəti ölkəmizin ədalətli mövqeyinə təsir göstərmək, Azərbaycanı gözdən salmaq və Ermənistanın xeyrinə güzəştlər əldə etmək cəhdidir. Lakin bütün bu cəhdlər əbəsdir və iflasa uğrayacaq.

Mission News Theme by Compete Themes.