Press "Enter" to skip to content

Kitab tanıtma: “Tərbiye-i avam” (Avamın tərbiyəsi)

Kitabın üz qabığı

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı qiymətli nəşrlərdən biri də Osmanlı dövrünün bəstəkarı İsmayıl Haqqı bəyin “Tərbiye-i avam” (Avamın tərbiyəsi) kitabıdır.

Kitabın məqsədi avam təbəqənin mədəni və idraki tərbiyəsini formalaşdırmaqdır. Kitabda müəllif “avam” deməklə əsaslı bir təlim və tərbiyədən məhrum olan xalq təbəqəsini nəzərdə tutur. Müəllif, həmçinin, hər hansı bir məmləkətdə tərk edilib pərişan buraxılan bir təbəqədən sağlam və yüksək bir təbəqə meydana gəlməsinin mümkün olmadığını bildirir. Hər bir millətin tərəqqisini, təkamülünü vücuda gətirən ünsürlərin mütəfəkkirlər olduğunu qeyd edən yazar, o mütəfəkkirlərə sahib olmayan millətin tərəqqi edə bilməyəcəyini vurğulayır. O, tərəqqi etmək üçünsə təlim və təhsilin rolunun mühümlüyünü qeyd edir.

Nəşrdə cəmiyyətin müqəddəratından hakim təbəqə qədər avamın da məsuliyyət daşıdığı bildirilir. Bu fikir belə izah olunur: “Cəmiyyəti cəmiyyət edən yalnız ziyalı deyil, eyni zamanda avamdır. Avam necə hakim təbəqənin idarəsinə möhtacdırsa, hakim təbəqə də heç bir zaman avamın qüvvətindən, təsirindən hacətsiz qala bilməz. Bir millət, bir cəmiyyət bir təpəyə bənzədilirsə, onun yüksək təbəqələrini yüksək zümrə təşkil edir. Alt təbəqələrində isə avam yer alır. Bir cəmiyyətin təkamülü də bir təpənin təkamülü kimidir. Bir təpə heç bir zaman geniş və sağlam bir təməldən məhrum olaraq yüksəlməz. Gərçi uzaqlardan ən çox gözə görünən ən yüksək təpələrdir. İndi təpəni yüksəltmək üçün hər şeydən əvvəl təsirləri genişləndirmək və gücləndirmək lazımdır. Xülasə, avamı tərbiyədən məhrum etmək cəmiyyəti möhtac olduğu mühüm istinad və təkamül ünsüründən təcrid etmək deməkdir”.

Qeyd edək ki, ərəb əlifbası ilə Osmanlı türkcəsindəki bu kitab 1912-ci ildə nəşr olunub.

Mission News Theme by Compete Themes.