Press "Enter" to skip to content

Teatr forumu keçiriləcək

Mədəniyyət Nazirliyi

BAYRAQDAR MEDİA – Aprelin 10-11-də Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr forumu keçiriləcək.

Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “tədbirdə 150 illik tarixi olan Azərbaycan peşəkar milli teatrının keçdiyi inkişaf yolundan bəhs edən videoçarx nümayiş olunacaq, sonra forum öz işinə panel müzakirələrlə davam edəcək. Panel müzakirələri “Azərbaycan teatrında ənənələr və trendlər”, ”Milli teatrda müasir aktyor məktəbi: yenilənmə prosesində sistemli yanaşma”, ”Konsepsiya və strateji hədəflər”, ”Teatr sahəsində insan kapitalının inkişafı” mövzularına həsr olunub”.

Daha sonra xəbərdə, “forum müddətində aparılan fikir mübadiləsi və müzakirələr əsasında toplanan təkliflər “Azərbaycan mədəniyyəti 2020-2040 dövlət strategiyası” ilə bağlı tərtib edilən tədbirlər planında nəzərə alınacaq. Forumda Respublikanın tanınmış teatr xadimləri, rejissor və aktyorları, paytaxtda və bölgələrdə fəaliyyət göstərən teatrların rəhbər və yaradıcı kollektivləri, xalq teatrları və müstəqil teatrların nümayəndələri, Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələrinin iştirakı nəzərdə tutulub” deyə qeyd olunub.

Forumda iştirak üçün nazirliyin rəsmi internet resursu olan saytında yerləşdirilən onlayn forma üzrə qeydiyyatdan keçmək mümkündür. Onlayn qeydiyyat aprelin 3-dək davam edəcək. Tədbirdə iştirakla bağlı təsdiq e-poçt vasitəsilə bildiriləcək.

Mission News Theme by Compete Themes.