Press "Enter" to skip to content

Serhan Aktunç: Azərbaycanın dəstəyini gözləyirik

Serhan Aktunç (sağda) və Nadir Azəri

Son yeniləmə: 5 Aprel 2023 13:35

BAYRAQDAR MEDİA – “Öncə onu deyim ki, türklük mənim üçün çox önəmlidir. Buna görə də türk dünyasının, o cümlədən də Azərbaycanın əldə etdiyi hər bir uğur məni çox sevindirir. Ümumiyyətlə Kıbrıs türk xalqı olaraq biz qardaş Azərbaycan dövlətinin və xalqının hər keçən gün daha da inkişaf etdiyini yaxından müşahidə edir və bundan qürur duyuruq”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Baş Nazir Müavinliyi, Turizm, Mədəniyyət, Gənclər və Ətraf Mühit Nazirliyinin müşaviri Serhan Aktunç deyib.

O, qeyd edib ki, Azərbaycanın 2020-ci il 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfər hər bir Kıbrıs türkünü qürurlandırıb: “Bu zəfərə görə bizlər də sizlər qədər sevindik, qürurlandıq. Bu zəfər ümumilikdə türk dünyasını qürurlandırdı. Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı sayəsində torpaqlarınız işğaldan azad olundu”.

S.Aktunçun sözlərinə görə, bu qələbə başqa bir məqam baxımından da önəmlidir: “Biz bilirik ki, torpaqların işğal altında olması qardaş Azərbaycanın bir çox məsələlərdə, o cümlədən KKTC ilə bağlı məsələdə bəzi addımlar atmasına bəzən mane olurdu. Amma artıq bu problemdən, ayaq bağından xilas olmusunuz. Cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən bu qələbə qardaş Azərbaycanın daha da qətiyyətli addımlar atmasına təkan verib. Əminik və arzu edirik ki, qardaş Azərbaycan tezliklə KKTC ilə bir çox, o cümlədən turizm sahəsində qarşılıqlı layihələrin reallaşmasına təkan verəcək addımlar atacaq. KKTC-nin gəlirləri turizm sektoru üzərində qurulub. Buna görə də biz sizlərin dəstəyini gözləyirik”.

Qeyd edək ki, S.Aktunçun BAYRAQDAR MEDİA-ya geniş müsahibəsi yaxın günlərdə oxuculara təqdim ediləcək.

Mission News Theme by Compete Themes.