Press "Enter" to skip to content

Sevincimin həddi-hüdudu yoxdur

Çingiz Göytürk

Son yeniləmə: 28 Aprel 2023 08:27

Çingiz Göytürk: Şübhə etmirəm ki, Şuşada yaşadığım bu duyğunu bir də azad Təbrizə ayaq basdığımda yaşayacağam

BAYRAQDAR MEDİA – “8 may 1992-ci ildə Şuşanın ermənilər tərəfindən işğal olunduğu xəbərini Güney Azərbaycan milli hərəkatında önəmli bir yerə sahib olan rəhmətlik Həsən Dəmirçi ilə birlikdə Təbrizdə eşitmişdik. Həmin vaxt çarəsizlikdən hönkür-hönkür ağlamışdıq. Bu günlərdə azad Şuşaya səfərim zamanı müqəddəs hesab etdiyimi bu şəhəri həm də rəhmətlik dostumun əvəzinə də ziyarət etdim. Əminəm ki, Həsənin ruhu da mənimlə bərabər artıq erməni işğalından azad edilmiş Şuşanın küçələrini gəzdi. Əminəm ki, Həsənin ruhu da eynən mənim kimi Cıdır düzündə qürur keçirdi”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycandan olan milli fəal, hazırda Finlandiyada yaşayan Çingiz Göytürk bildirib.

Cıdır düzü
Cıdır düzü

O, həmçinin, “bu səfər və ziyarət tərifində zaman-zaman çətinlik çəkdiyim hissləri eyni anda yaşamama vəsilə oldu. Qüruru, sevinci, kədəri və qəzəbi bir arada yaşadığım bu duyğunu şübhə etmirəm ki, bir də sadəcə və sadəcə azad Təbrizə ayaq basdığımda yaşayacağam. Bütöv Azərbaycan davasına könül vermiş bir Güney Azərbaycan milli hərəkatının nümayəndəsi olaraq başda Şuşa olmaqla, Ermənistanın işğalından qurtarılmış torpaqlarımızı ziyarət etmək mənim üçün həqiqətən də inanılmaz bir qürur qaynağı oldu” deyib.

Ç.Göytürk bildirib ki, sevincinin həddi-hüdudu yoxdur: “Çünki 30 ilə yaxın işğal altında qalan və qəhrəman ordumuzun gücü, Ali Baş Komandanımızın qətiyyəti və əzmi, dövlət-millət bütünlüyünün ən yüksək səviyyədə təmin olunması sayəsində azad edilmiş torpaqlarda qürurla addımladım. Dövlətimizin və dövlət başçımızın qətiyyəti, quruculuq əzmi, azad olunmuş torpaqlarla bağlı layihələri və qısa müddət ərzində aparılan möhtəşəm quruculuq işləri sevincimi qat-qat artırdı”.

Müsahibimiz yolboyu erməni işğalının, erməni vəhşiliklərinin acı nəticələrini də gördüklərini deyib: “Yol boyu işğal dövründə dağıdlmış, hətta daşları belə yağmalanmış kənd və şəhərləri, erməni vandalları və onalırn cinayət ortağı İranın bu ərazilərdə daş üstündə daş qoymadıqlarını gördükcə kədərlənməmək, qəzəblənməmək mümkün deyildi. Onu da deyim ki, bu qəzəbimdən dildə sülhdən, əmin-amanlıqdan danışan, əməldə isə uzun illər erməni vandallarnın yanında olan, həmçinin, bu gün də Ermənistanı cinayətkar əməllərə sövq edən Fransa kimi ikiüzlü siyasət yürüdən bəzi Qərb ölkələrinə də pay düşür. Sonda BAYRAQDAR MEDİA-nın yaratdığı bu imkandan istifadə edərək gözəl, azad və müqəddəs Şuşaya səfərdə bizə dəstək olan hər kəsə sonsuz təşəkkür və minnətdarlıq bildirmək istəyirəm”.

Mission News Theme by Compete Themes.