Press "Enter" to skip to content

Güney Azərbaycan qurumlarından İsrailə təşəkkürlər

Güney Azərbaycanın ortaq mücadilə bayrağı

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, İsrail Knessetinin Güney Azərbaycan azadlıq hərəkatına dəstək çağırışı etmiş 32 deputatından 25-i kəşfiyyat nazirinin basqısı altında imzasını geri çəkib.

İsraildən azərbaycanlıları üzəcək anlaşılmaz addım…

Məsələ Güney Azərbaycanlılar başda olmaqla bütün dünya azərbaycanlılarının təəccüb və təəssüfünə səbəb olub. Buna görə də bir sıra Güney Azərbaycan qurumları ayrıca bəyanatla çıxış edib.

BAYRAQDAR MEDİA-ya daxil olan Bəyanatın önəmini nəzərə alaraq tam mətnini təqdim edirik.

İsrail millət vəkillərinin Güney Azərbaycanla bağlı məktubu haqqında Güney Azərbaycan və Qaşqayi təşkilatlarının Bəyanatı

Keçdiyimiz günlərdə İsrail parlamentinin dörddə birindən çoxunu təşkil edən 32 millət vəkili xarici işlər naziri Cənab Eli Kohenə məktub yazaraq İsrailin Güney Azərbaycanın haqlarından müdafiə etməsini istədilər və o cümlədən Güney Azərbaycanın müstəqil olmasının İsrailin maraqlarına uyğun olacağını yazdılar.

İsrail parlament üzvlərinin bu işi təbii olaraq Güney Azərbaycan toplumunda sevinclə qarşılandı. Çünki uzun illərdən bəri azadlıq və hüquq mücadiləsi verməsinə baxmayaraq, İranın fars dilli mediasında və qərb mediasında böyük bir boykotla qarşılaşan Güney Azərbaycan ictimaiyyatı gördü və anladı ki dünyada onların səsini eşidənlər var və Güney Azərbaycan məsələsi dünya dövlətlərinin gündəmində yer almaqdadır. İsrail kimi önəmli bir ölkənin parlamentindən çıxan bu məktub bu faktın ən açıq sübutudur.

İsrail millət vəkilləri çox doğru olaraq vurğuladılar ki Azərbaycan türk milləti ilə İsrail milləti dost və müttəfiqdir. Azərbaycanlılar İsrailin Qarabağın azadlığı üçün verdiyi dəstəyi heç vaxt unutmayacaqlar. Bu, İsrail-Azərbaycan dostluq tarixinə əbədiyyən yazılmışdır. Necə ki Azərbaycanlılar görürlər ki kimlər Azərbaycanın vətən müharibəsində düşmənin yanında yer aldılar. Həminlər ki bir əsrdən çoxdur Güney Azərbaycanı sömürgəyə çevirmiş və onun məhvi üçün hər iş görürlər.

Həmin faşist axımlar bu gün İsrail millət vəkillərinə hücum etməkdə və onları qınamaqdadırlar. Çünki onlar dostluqdan, barışdan və paylaşmaqdan yox, ədalətsizlikdən, haqsızlıqdan və sömürgəçilikdən yana olanlardır. Nə yazıq ki bu tarixi ədalətsizlikdə fars opozisyon quruluşları da qanlı diktator İran islam rejimi ilə işbirliyi edir.

Biz Güney Azərbaycan təşkilatları olaraq, İsrail millət vəkillərinə Güney Azərbaycan məsələsini dünya gündəminə daşıdıqları üçün və bizim haqlarımızın səsi olduqları üçün təşəkkür edirik. İnanırıq ki bu məktub da İsrail Azərbaycan dostluq tarixinə yazılmışdır.

Yaşasın İsrail-Azərbaycan dostluğu!

Azərbaycan Mərkəz Partiyası
Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş
Güney Azərbaycan Demokrat Partiyası – GADP
Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı – Qurtuluş
Qaşqayi Azadlıq Yolu Partiyası – Qayı

Mission News Theme by Compete Themes.