Press "Enter" to skip to content

Artıq ox yaydan çıxıb

Mahmud Bilgin

Son yeniləmə: 25 May 2023 10:55

Mahmud Bilgin: Fars-molla rejimi xalqımızın “Azadlıq, ədalət, milli hökumət” prinsipinə əsaslanan müqaviməti qarşısında zor durumdadır

BAYRAQDAR MEDİA – “Xurdad hadisələrinin 17-ci ildönümü əvvəlki illərə nisbətən daha yaddaqalan şəkildə qeyd edildi. Milli fəallarımız həmin hadisələr zamanı şəhid olanların xatirəsini dünyanın müxtəlif yerlərində yad etdilər. Təbii ki, mayın 20-də Berlində “Azadlıq, ədalət, milli hökumət” şüarı ilə keçirilən aksiya da bu baxımdan xüsusilə yaddaqalan oldu”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin deyib.

O, qeyd edib ki, Berlin mitinqinin bu cür yüksək səviyyədə keçməsi Güney Azərbaycan Milli Azadlıq Hərəkatının növbəti uğuru kimi tarixə düşdü: “Bu aksiyanın Berlində keçirilməsi dünyanın diqqətini növbəti dəfə Güney Azərbaycan məsələsinə yönəltmiş oldu. Artıq xarici qurumlar və media Güney Azərbaycan məsələsinə daha diqqətlə yanaşmaqdadırlar. Təbii ki, bütün bunlar bu cür addımların davamlı olması üçün üzərimizə əlavə vəzifə qoyur”.

M.Bilginin sözlərinə görə, Berlin mitinqi İran daxilində də geniş əks-səda doğurub: “Bu aksiyadan güc olan milli fəallarımız Güney Azərbaycanın demək olar ki, bütün şəhərlərində şüarlar yazılmış plakatlar yaymış, Xurdad hadisələrinin ildönümündə fars-molla rejiminin 17 il əvvəl törətdiyi cinayəti bir daha yada salmışlar. Onu da qeyd edim ki, Avropada Güney Azərbaycanla bağlı atılan son addımlardan sonra daxildə milli fəallar daha böyük inam və qətiyyətlə fars-mollar rejiminə qarşı müqavimət göstərirlər. Onlar gec-tez bu rejimin dağılacağına inanır və Güney Azərbaycanın İranda cərəyan edən proseslərdə daha az itki ilə çıxması üçün çalışırlar”.

Fars-molla rejiminin bu cür fəallıqdan ciddi şəkildə qorxuya düşdüyünü deyən M.Bilgin onu da vurğulayıb ki, qorxunun əcələ faydası yoxdur: “Fars-molla rejimi xalqımızın “Azadlıq, ədalət, milli hökumət” prinsipinə əsaslanan müqaviməti qarşısında geri çəkilmək zorundadır. Doğrudur, bu gün hələ ki, rejimin cəlladları, cəza dəstələri xalqımıza divan tutmaqda davam edir. Amma gün gələcək o qüvvələr daxilində olanlar da cinayətləri törətməkdən imtina edəcəklər. Bir sözlə, artıq ox yaydan çıxıb”.

Mission News Theme by Compete Themes.