BAYRAQDAR MEDİA – Prodaljavame Promyanata-Demokratik Bolqarıstan (PP-DB) yeni koalisiyasının tərkibi barədə sənədi Prezident Rumen Radevə təqdim edib.
Radio Bolqarıstan xəbər verir ki, baş nazirliyə namizəd Nikolay Denkov Prezident R.Radevin təklif olunan hökumətə parlamentdə baxılması üçün fərman verəcəyinə ümid etdiyini və sonra hakimiyyətin ötürülməsinin Konstitusiyada nəzərdə tutulduğu kimi həyata keçiriləcəyinə inandığını bildirib.
N.Denkov “Hesab edirəm ki, bizim hamımızın vəziyyətin sakitlşdiyini, parlament və Prezident Aparatının birgə işlədiyini görməyə ehtiyacımız var” deyib.
Məlumata görə, Prezident R.Radev nümayəndə heyətini bu sözlərlə qarşılayıb: “Bolqarıstanın xalq üçün çalışan qurumlara və siyasətçilərə, təhlükəsizlik, ədalət, korrupsiyaya qarşı mübarizə və hər bir hörmətli vətəndaşın gözləntiləri üçün çalışan siyasətçilərə ehtiyacı var”.
R.Radev deyib ki, o, yaxın vaxtlarda Nazirlər Kabinetinin heyəti ilə bağlı sənədi parlamentin müzakirəsinə təqdim edəcək.
Prezident deputatlara partiyanın rəyi ilə deyil, vicdanının səsi ilə düşünməyi tövsiyə edib.
Parlamentin spikeri Rosen Jelyazkov bildirib ki, dövlət başçısının fərman verəcəyi təqdirdə iyunun 6-da fövqəladə iclas çağırmağa hazırdır.





