Hüseyn Büyükfırat: Bu mərasim Türkiyənin və ümumilikdə türk dünyasının gələcəyi baxımından dünyaya bir mesaj xarakteri də daşıdı
BAYRAQDAR MEDİA – “Türkiyənin və ümumilikdə türk dünyasının gələcəyi üçün önəm kəsb edən bir mərasimdə iştirak etdiyim üçün özümü çox xoşbəxt sayıram”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat deyib. Xatırladaq ki, Hüseyn Büyükfırat bu mərasimə Azərbaycandan qatılan yeganə iş adamı olub.
Keçirdiyim hissləri sözlə ifadə etməyə çətinlik çəkirəm
“İyunun 3-də Ankarada, Külliyedə tarixə şahidlik etdik. Sayın Cümhurbaşqanımız Recep Tayyib Erdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasiminə qatıldıq. Bu tarixi ana şahidlik etmək çox gözəl idi. Həmin vaxt keçirdiyim hissləri sözlə ifadə etməyə çətinlik çəkirəm” deyə H.Büyükfırat əlavə edib.

O, qeyd edib ki, bu sıradan bir mərasim deyildi: “Bu mərasimlə sayın Cümhurbaşqanımızın da bəyan etdiyi kimi Türkiyə yüz ili başladı. Təbii ki, qarşıda bizi, yəni Türkiyəni və türk dünyasını məhsuldar fəaliyyət və yeni-yeni uğurlar gözləyir. İnşallah qarşıya qoyulan hədəflərə doğru birlikdə, çiyin-çiyinə addımlayacaq, əldə etdiyimiz hər bir uğurla türk dünyasını daha da gücləndirəcəyik”.
Sayın Cümhurbaşqanı birlik, bərabərlik mesajı verdi
R.T.Erdoğanın mərasimdə bir çox önəmli mesajlar verdiyini deyən H.Büyükfırat vurğulayıb ki, bu mesajlardan hər kəs öz payını almalı, gərəkli nəticələri çıxarmalıdır: “Əvvəla sayın Cümhurbaşqanı mayın 28-də keçirilmiş seçkilərdə millətin iradəsinin əksini tapdığını, Türkiyə yüz ilinin başladığını və ölkənin sıçrayış mərhələsinin qapılarının açıldığını bəyan etdi. Eyni zamanda, sayın Cümhurbaşqanımız bütün Türkiyəni qucaqlayacaq birlik, bərabərlik mesajı verdi. O, siyasi və dini baxışlarından, etnik mənsubiyyətindən asılı olmayaraq, 85 milyonluq əhalinin etimadını boşa çıxarmamaq üçün səylə çalışacaqlarını qeyd etdi”.
Bu, bizüm üçün bir fəaliyyət tezisi, fəaliyyət istiqaməti oldu
Müsahibimizin sözlərinə görə, Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümündə sarsılmaz həmrəyliyə daha böyük ehtiyac duyulduğunu diqqətə çatdıran R.T.Erdoğan yeni hökumətlə birlikdə Türkiyə yüz illi istiqamətində səylə çalışacaqlarını bildirdi: “Sayın Erdoğanın “Gün bir olmaq, bərabər olmaq, min illik qardaşlığımızı daha da möhkəmləndirmək günüdür. Gün övladlarımızın aydın sabahlarına sahib çıxmaq günüdür. Birlikdə Türkiyə yüz ilinin inşası üçün çiyin-çiyinə çalışmalıyıq” fikirləri isə bizlər üçün bir fəaliyyət tezisi, fəaliyyət istiqaməti oldu”.
Dünya bir daha Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz olduğunu gördü
H.Büyükfırat bu mərasimin digər baxımdan da dünyanın diqqətində olduğunu bildirib: “Bu məqam Türkiyə-Azərbaycan qardaşlığının, türk dünyası arasında bir həmrəyliyin bir daha dünyaya nümayişi ilə bağlıdır. Qeyd edim ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, o cümlədən çoxsaylı dövlət, hökumət başçıları, xarici qonaqlar iştirak edirdilər. Lakin onlar arasında Azərbaycan Prezidentinə diqqət daha çox idi. Sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğanın cənab Prezidentlə görüşü zamanı Azərbaycan dövlət başçısına rəğbəti hiss etmək çox qürurverici idi. Sayın Recep Tayyip Erdoğanın mərasimə qatılanlara təşəkkür edərkən Prezident İlham Əliyevə xitabən “Dəyərli qardaşım, Azərbaycan Prezidentinə “Xoş gəldin!” deyir, təşrif buyurduğu üçün təşəkkür edirəm” deməsi zalda böyük coşqu yaratdı. Ümumiyyətlə, bu mərasim Türkiyənin və ümumilikdə türk dünyasının gələcəyi baxımından dünyaya bir mesaj xarakteri də daşıdı. Dünya bir daha Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz olduğunu gördü. Dünya bir daha gördü ki RecepTayyip Erdoğanla İlham Əliyevin birgə səyləri ilə hər keçən gün güclənən türk dünyası artıq bir qlobal güc kimi meydandadır və bizim bu birliyimiz getdkcə daha da güclənəcəkdir”.
Külliyede tarihe şahitlik ediyoruz.
Cumhurbaşkanımız Göreve Başlama Töreni'ne katıldık.
Bu tarihi ana şahidlik etmek güzeldi. pic.twitter.com/t7pmmqGfIF
— Hüseyin Büyükfırat (@hbuyukfirat) June 3, 2023





