Press "Enter" to skip to content

Kitab tanıtma: “Çətin yollarda”

Çətin yollarda

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında olan qiymətli nəşrlərdən biri də ədəbiyyatşünas, tənqidçi, Prof. Bəkir Nəbiyevin “Çətin yollarda” (Ədəbiyyatımıza dair araşdırmalar) kitabıdır.

Nəşrdə qeyd olunur ki, kitabın adı ona təsadüfən verilməyib. Nəşrin bəzi bölmələrində Füzulidən üzü bəri klassik irsdən bəhs olunsa da, kitab əsasən müəllifin öz müasiri olan ədəbi nəslin poeziya, nəsr və dram yaradıcılığına həsr edilib. Cənubi Azərbaycan poeziyasının bəzi təmsilçilərinin, mühacirətdə yaranmış ədəbiyyatımızın nümayəndələrinin və repressiya qurbanı olmuş sənətkarlarımızın da bir sıra əsərləri kitabda öz təhlilini tapıb.

Nəşrdə “Hikmətlə gözəllik qovuşanda”, “Həyat və bədii həqiqət”, “Portret cizgiləri”, “Cənubdan səslər”, “Mənim fikrimcə”, “Səhnəmiz və biz”, “Xatirə yarpaqları”, “Bizdən uzaq ellərdə” kimi başlıqlarda yazılar toplanıb.

“Sözün də su kimi lətafəti var” adlı hissədə isə sözə, poeziyaya yüksək qiymət verilərək deyilir: “Əsl poeziya onu oxuyanın, eşidənin daxili, mənəvi dünyasını təlatümə gətirir, adamlarda nəcib fikirlər, incə duyğular oyadır, estetik zövqü tərbiyə edir. Əvvəllər müxtəlif səciyyəli əsərlərdə dəfələrlə oxuduğumuz, söhbətlərdə yüz yol eşitdiyimiz sözlər, ifadələr istedadlı şairin təqdimində bir-birinə qəribə surətdə qovuşaraq elə yeni məna kəsb edir, elə təkrarsız bir ahəngdarlıqla duyğularımızın sarı simini ehtizaza gətirir ki, yaddaşımızdan uzun müddət silinmir. Belə sənətkar tarixin hansı mərhələsində yaşadığına, hansı xalqa mənsub olduğuna baxmayaraq, onun əsərlərilə ünsiyyətə dərin mənəvi ehtiyac duyur, qəlbimizi, hisslərimizi ona etibar edir, zamanın ən müxtəlif problemləri, real gerçəkliyin irəli sürdüyü vacib vəzifələr, qarşıya çıxan sosial, psixoloji, etik çətinliklər barədə onun əsərlərindən kömək alırıq”.

Qeyd edək ki, kitabın redaktoru filologiya elmlər doktoru Şirindil Alışanlıdır.

Mission News Theme by Compete Themes.