Press "Enter" to skip to content

Səhiyyə Nazirliyində xarici rəhbər şəxslərlə görüş

Görüşdən görüntü

BAYRAQDAR MEDİA – Azərbaycanın Səhiyyə Nazirliyində Moldovanın səhiyyə naziri Alla Nemerenko, Monteneqro Səhiyyə Nazirliyinin dövlət katibləri Sladyana Çoriç və Vladimir Obradoviçlə görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyunun 6-da sözügedən Nazirlikdən daxil olub.

Xəbərdə deyilir ki, “görüşdə həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional ofisinin Ölkə səhiyyə siyasəti və sistemləri üzrə direktoru Nataşa Azzopardi-Muskat, Moldovanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Yesaulenko və Tacikistanın maliyyə nazirinin müavini Sərvər Kurbaniyon iştirak ediblər. Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev bu ölkələrin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Nazir, eləcə də səhiyyə sahəsində mövcud olan əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın olduğunu bildirib. Çıxışının sonunda T.Musayev sözügedən ölkələrin səhiyyə nazirlikləri arasında əməkdaşlığın bundan sonra da yeni müstəvidə uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib”.

Görüşdə çıxış edən ÜST-nin Avropa üzrə regional ofisinin Ölkə səhiyyə siyasəti və sistemləri üzrə direktoru Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanla əməkdaşlığının çox uğurlu olduğunu vurğulayıb. N.Azzopardi-Muskat COVID-19 peyvəndlərinin digər ölkələrə göndərilməsi kimi humanist addıma görə Azərbaycan rəhbərliyinə təşəkkürünü ifadə edib.

Öz növbəsində A.Nemerenko, S.Çoriç və V.Obradoviç təmsil etdikləri ölkələrin Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiklərini bildiriblər. Onlar bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Eyni zamanda, qonaqlar səhiyyədə müasir idarəetmə yanaşmalarının tətbiqi, tibb kadrlarının hazırlanması prosesinin təkmilləşdirilməsi, ikili diplom proqramının hazırlanması, səhiyyə sistemlərinin rəqəmsal transformasiyası üzrə əməkdaşlığın qurulması kimi aspektlərə toxunublar.

Mission News Theme by Compete Themes.