BAYRAQDAR MEDİA – Əməkdar artist Dilarə Əliyeva Azərbaycan Dövlət Akademik Musiqili Teatrında librettosu Xalq yazıçısı Anara, musiqisi Xalq artisti Vasif Adıgözəlova məxsus olan “Adamın adamı” tamaşasında Nazlı-qəmzəli obrazını canlandıracaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyulun 7-də sözügedən Teatrdan daxil olub.
Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda hazırlanan səhnə əsərində məşqlərini uğurla davam etdirən aktrisa bu barədə ümumi təəssüratlarını bölüşüb: “Bir neçə ay öncə Musiqili Teatrın rəhbəri, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdən “Adamın adamı” tamaşasında Nazlı-qəmzəli obrazını ifa etmək üçün təklif aldım. Lakin xaraktercə mürəkkəb olan bu rolun məsuliyyətini dərk etdiyimdən dərhal qərar verməkdə çətinlik çəkdim. O vaxt teatrın bu təklifini ailəmlə də müzakirə etdim və müsbət qarşılanması məni daha da ruhlandırdı… Hazırda səhnə əsəri üzərində işlər davam edir… Tamaşaçılar məni daha çox televiziya ekranlarından tanıyırlar və düşünürəm ki, teatr səhnəsindəki oyunum da onlar üçün maraqlı olacaq”.
Daha sonra xəbərdə bildirilir ki, “göstərilən doğma münasibətə görə teatr rəhbərliyi başda olmaqla, kollektivə təşəkkürünü bildirən D.Əliyeva Musiqili Teatrla əməkdaşlığından məmnun olduğunu vurğulayıb.
Bildirək ki, səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, rejissoru Elməddin Dadaşov, konsertmeysteri Fidan Əliyeva, rejissor assistenti Tamilla Aslanovadır”.
Qeyd edək ki, aktrisa ilə yanaşı, tamaşada Xalq artistləri Fatma Mahmudova, Pərviz Məmmədrzayev, Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, Çingiz Əhmədov, Şövqi Hüseynov, Almaz Ələsgərova, İqrar Salamov, aktyorlar Nicat Əli, Ülviyyə Əliyeva, Türkel Tariqpeyma, Hüseyn və Gültac Əlili, Şaban Cəfərov, Gülcahan Salamova, Elxan İsmayılov, Ruslan Mürsəlov, İbrahim Əlizadə, Hidayət Əliyev, Nigar Qarayeva, Günay Qasımova, Cəbrayıl Cəbrayılov da iştirak edəcəklər.








