Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova: Tütün istifadəsinin başda ağciyər olmaqla bütün orqanlara ciddi zərərləri var
BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova tütün asılılığının hansı xəstəlikərin yaranmasına səbəb olduğu, hamilə qadının tütün asılılığı və s. haqda məlumat verib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyulun 7-də sözügedən Nazirlikdən daxil olub.
Xəbərdə deyilir ki, “İ.Axundova tütün istifadəsinin başda ağciyər olmaqla bütün orqanlara ciddi zərərləri olduğunu, tənəffüs, mədə-bağırsaq, sidik-cinsiyyət, qantörədici sistemlərdə onkoloji xəstəliklər, həmçinin katarakta, mədənin peptik xorası, immun sisteminin zəifləməsi, ateroskleroz, serebrovaskulyar xəstəliklər, qarın aortasının anevrizmasının inkişafı və s. bir sıra xəstəliklərin yaranmasına səbəb olduğunu deyib. Həmçinin o bildirib ki, aktiv tütün çəkənlərdə ağız boşluğunun, dodağın, mədənin və onikibarmaq bağırsağın xərçəng xəstəliyinin yaranması riski artır”.
Hamilə qadının tütün asılılığı doğulacaq körpədə hansı fəsadlara səbəb ola biləcəyi haqqında danışan direktor deyib: “Siqaret çəkən qadınlarda fertillik (münbitlik) zəifləyir. Tütün tüstüsü ilə daxil olan zərərli maddələr həm hamilə qadına, həm də bətnindəki dölə mənfi təsir göstərir. Tütün tüstüsünün toksiki maddələri hamiləlik zamanı baş verən müxtəlif fəsadların yaranması ehtimalını və dölün oksigen çatışmazlığına gətirib çıxararaq onun bütün orqanlarında normal inkişafın pozulması riskini artırır. Siqaret çəkən qadınlarda ağırlaşmalar, vaxtından əvvəl doğuş, normadan aşağı çəkili yenidoğulmuşlar, ciftin vaxtından əvvəl ayrılması, uşaqlarda qəflətən ölüm sindromu və anadangəlmə anomaliyalar riski yüksəkdir. Bundan başqa, daha sonra uşaqlarda öyrənmə zəifliyi, hiperaktivlik, davranış pozuntuları, gələcəkdə bronxial astma riski yüksək olur”.
Sonda o bildirib ki, siqareti tərgitdikdən sonra orqanizmdə ilk 20 dəq ərzində qan təzyiqi normallaşır, 8 saat sonra qanda oksigen səviyyəsi normallaşır, miokard infarktı riski azalır, 24 saat sonra karbonmonoksit orqanizmdən tamamən təmizlənir, 48 saat sonra qanda nikotin səviyyəsi azalır, dad və qoxu hissi yüksəlir, 2 həftə-3 ay arası qan dövranı tam bərpa olur, ağciyərlərin həyat tutumu 30 faiz artır, fiziki aktivlik yaxşılaşır, 1 ildən sonra koronar arteriyalarla bağlı xəstəlik riski 50 faiz azalır, 5 il sonra ağciyər xərcəngi riski 2 dəfə azalır, insult riski siqaret çəkməyənlərlə eyni olur. Həmçinin İ.Axundova deyib ki, tütünçəkmə nəticəsində əmələ gələn bir çox xəstəliklərin yaranma riski tütünçəkmədən imtina etdikdən sonra azalır.





