Press "Enter" to skip to content

Kitab tanıtma: “Yeni məktəb”

Yeni məktəb

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı qiymətli kitablardan biri də Mahmud bəy Mahmudbəyov və Abbas Səhhət Mehdizadənin “Yeni məktəb” (Türk dilinin təlimi üçün üçüncü ilə məxsus qiraət kitabı) kitabıdır.

Nəşr Azərbaycanın görkəmli maarif xadimləri M.Mahmudbəyov və A.Səhhətin 1909-cu ildə birgə hazırladıqları “Yeni məktəb” (Türk dilinin təlimi üçün üçüncü ilə məxsus qiraət kitabı) adlı dərsliyin transfoneliterasiya olunmuş variantıdır. “Heydər Əliyev ili” həsr olunmuş kitabı transfoneliterasiya edib nəşrə hazırlayan Səadət Nəsirovadır.

Kitab AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Elmi Şurasının 30 yanvar 2023-cü il tarixli 1 №-li iclasının qərarı ilə nəşr olunub.

Kitabda qeyd olunur: “XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətində baş verən hadisələr digər sahələrlə yanaşı, pedaqoji sahəyə də təsirsiz ötüşmürdü. Yeni ideyalı məktəblərin yaradılması, şagirdlərin hansı dərs kitabları ilə hansı dildə oxuması mütərəqqi maarifçiləri həmişə düşündürür, bu məqsədlə müxtəlif dəyərli fikirlər irəli sürürdülər. Belə maarifçilərdən Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Süleyman Sani Axundov, Mahmud bəy Mahmudbəyov, Abbas Səhhət və b. kimi görkəmli pedaqoqlar yeni açılan məktəblərdə yeni üslublu, günün tələbinə uyğun, keyfiyyətli dərs kitablarının olmasını tələb edirdilər”.

Nəşrdə “Məktəb və ailə”, “Çalışqanlıq və bilik kəsbi”, “Kömək və ittifaq”, “El arasında”, “İnsan”, “Heyvanat”, “Nəbatat”, “Su – Dəniz”, “Coğrafiya məlumatı”, “Nəsihətlər” adlı başlıqlarda yazılara yer verilib.

Qeyd edək ki, kitabın elmi məsləhətçisi filologiya elmləri doktoru, Prof. Yaqub Babayev, elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, Dos. Əzizağa Nəcəfov, rəyçiləri Hacı Mustafa Mailoğlu, Qutiyera Cəfərova, ön sözün və lüğətin müəllifi Səadət Nəsirova, texniki redaktor və dizayneri isə Vüqar Hacıyevdir.

Mission News Theme by Compete Themes.