BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Mədəniyyət Nazirliyinin dəstəyi ilə Gürcüstanda Nodar Dumbadze adına IV Beynəlxalq Teatr Festivalında uğurla çıxış edib.
Bu haqda sözügedən Teatrın yaydığı xəbərdə deyilir.
Xəbərdə deyilir ki, “festivalda Azərbaycan və Gürcüstanla yanaşı, İspaniya, Qazaxıstan, Ukrayna, Portuqaliya və Özbəkistandan olan teatrlar iştirak edir. ADAMDT iyulun 6-da məşhur gürcü yazıçısı Qoderzi Çoxelinin eyniadlı hekayəsi əsasında səhnələşdirilən “Küknarlara məktub” tamaşası ilə çıxış edib. Səhnə əsəri festivalın münsiflər heyəti, eləcə də tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb. Yeni səhnə əsərində Əməkdar artistlər Elşən Rüstəmov, Almaz Amanova, Ayşad Məmmədov, aktyorlar Rüstəm Rüstəmov, Ramin Şıxəliyev, Dilarə Nəzərova, Elçin Əfəndi, Firuzə Balayeva, Lalə Süleymanova iştirak edirlər”.
Tamaşanın quruluşçu rejissoru Boris Şukin adına Teatr İnstitutunun məzunu Nigar Güləhmədova, quruluşçu rəssamı Samirə Həsənova, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti isə Dilbər İsmayılovadır.
Qeyd edək ki, festival çərçivəsində eyni zamanda kitab təqdimatları, Avrasiya Teatr Assosiasiyası təsisçilərinin görüşü də təşkil olunacaq. İyulun 15-də Ozurgetidə Aleksandr Tsutsunava adına Peşəkar Dövlət Dram Teatrının 155 illik yubileyinə həsr olunmuş bayram gecəsi, festival iştirakçılarının mükafatlandırılması və festivalın təntənəli bağlanışı keçiriləcək.









