Press "Enter" to skip to content

Həkim-ftiziatr vərəm xəstəliyi haqqında danışıb

Aygün Rəhimova

Səhiyyə Nazirliyi Prof. Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının həkim-ftiziatrı Aygün Rəhimova: Sağlam həyat tərzi və ilkin simptomlarda həkimə müraciət xəstəlikdən qoruya bilər

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi Prof. Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının həkim-ftiziatrı Aygün Rəhimova vərəm xəstəliyi haqqında məlumat verib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyindən daxil olub.

Xəbərdə deyilir ki, “həkim öncə vərəmə yoluxma ilə bağlı danışıb: “Vərəm dünyada geniş yayılmış xroniki yoluxucu xəstəlikdir və hava-damcı yolu ilə insana keçir. Vərəm xəstəliyini orqanizmə daxil olan turşuya davamlı vərəm mikrobakteriyası yaradır. Öz bioloji patogenik xüsusiyyətlərinə görə vərəm mikobakteriyaları insan, mal-qara, quş və gəmiricilər qruplarına ayrılır. 92 faiz hallarda insanlarda xəstəlik insan amili yaradır. Xəstəliyin yayılmasında yoluxmuş insanların rolu böyükdür. İnsan bədəninə daxil olan vərəm mikobakteriyası orqanizmin güclü immunitet sayəsində xəstəlik törətmir””.

Ftiziatr vərəm xəstəliyinin əlamətlərinin əsasən intoksikasiya əlamətləri, zəiflik, gecələr tərləmənin artması, bədən çəkisinin azalması, 37,2-37,6 ̊C hərarət, uzunmüddətli öskürək, tez yorulma, əsəbilik, iştahanın pozulması olduğunu deyib.

Sözügedən xəstəliyin günlük rejimi və qidalanmasından danışarkən o, bildirib ki, xəstəliyin kəskin dövründə xəstə yataq rejiminə əməl etməlidir: “Kəskin əlamətlər keçəndən sonra isə xəstə gün ərzində 15-30 dəqiqə arası gəzintiyə çıxa bilər. Əgər xəstə təyin edilmiş rejimə düzgün əməl edərsə, onun vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşar. Qida rejimində vərəmli xəstələr üçün zülallar xüsusi əhəmiyyət kəsb edir. Ən keyfiyyətli zülallar mal, qoyun, toyuq ətində, qara ciyərdə, balıqlarda, süd, kəsmik, yumurta, noxud, lobya və qarabaşaqda olur. Tərəvəzlər karbohidratlara tələbatı ödəməyə kömək edir. Zülal, karbohidrat və yağlardan başqa orqanizmə vitaminlər də lazımdır. Vitaminlər çoxsaylı ərzaq məhsullarında olur. Məsələn, yumurta sarısı, yerkökü, ərik, pomidor, ispanaq, noxud, limon, naringi, qoz vasitəsilə vitamin balansını tənzimləmək olar”.

A.Rəhimova vərəmdən qorunmaq üçün nəyə diqqət edilməli məqamlara da toxunub: “Orqanizmin müdafiə qabiliyyəti zəif olduqda vərəm xəstəliyi yarana bilər. Orqanizmi zəiflədən faktorlara qrip, qızılca, pnevmoniya, şəkərli diabet, mədə və onikibarmaq bağırsağın xorası, zərərli vərdişlər (tütünçəkmə, narkomaniya) aiddir. Sağlam həyat tərzi, zərərli vərdişlərdən uzaq qalmaq və ilkin simptomlarda həkimə müraciət xəstəlikdən qoruya bilər”.

Həkim sonda onu da diqqətə çatdırıb ki, müalicə və qida rejiminə riayət edən xəstələr bu xəstəlikdən sağalır.

Mission News Theme by Compete Themes.