Press "Enter" to skip to content

Özbəkistanın aparıcı analitikləri Bakıda

Vüsal Qasımlı ilə görüşdən

BAYRAQDAR MEDİA – Bakıda Özbəkistanın aparıcı analitik mərkəzlərini təmsil edən nümayəndə heyəti Azərbaycanın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) direktoru Vüsal Qasımlı ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev Mərkəzindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbirdə Orta Asiya Beynəlxalq İnstitutunun, İqtisadi Tədqiqatlar və İslahatlar Mərkəzinin, Strateji və Regionlararası Araşdırmalar İnstitutunun, habelə Özbəkistan Xarici İşlər Nazirliyinin nəzdində Beynəlxalq Əlaqələr üzrə İnformasiya və Analitik Mərkəzinin nümayəndələri iştirak edib. Özbəkistan və Azərbaycan arasında ticarət-iqtisadi, investisiya, nəqliyyat və logistika sahələrində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib. Həmçinin Orta Asiya regionunda baş verən dəyişikliklər və regionlar arasında qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparılıb. V.Qasımlı Özbəkistanın vətəndaşların rifahının yaxşılaşdırılmasına, insan kapitalının inkişafına, iqtisadiyyatın sektorlarının transformasiyasına və liberallaşdırılmasına, rəqəmsallaşmaya, innovativ texnologiyaların tətbiqinə yönəlmiş yeni Strategiyasını yüksək qiymətləndirib. Görüşün yekunu olaraq institutlar üçün prioritet istiqamətlər üzrə sıx elmi-tədqiqat işlərinin aparılmasına dair razılıq əldə olunub, birgə tədbirlərin keçirilməsi razılaşdırılıb”.

O da bildirilir ki, Özbəkistandan olan nümayəndə heyəti Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (ABMTM) ekspertləri ilə də görüşüb.

Görüş zamanı iştirakçılar Özbəkistan və Azərbaycan arasında əməkdaşlığın vəziyyəti və perspektivlərini, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsinə, Orta Asiya ilə Güney Qafqaz arasında qarşılıqlı əlaqələrin qurulmasına yönəlmiş birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər.

Sonra xəbərdə, “BMTM-in direktoru Fərid Şəfiyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistanda aparılan islahatları, eləcə də Orta Asiyada gedən prosesləri yüksək qiymətləndirib. Azərbaycanın Özbəkistan və Orta Asiya dövlətləri ilə əməkdaşlığın qurulmasında maraqlı olduğu vurğulanıb. Hər iki ölkənin analitik strukturları arasında prioritet istiqamətlər üzrə sıx əlaqələrin qurulması, o cümlədən birgə tədbirlərin keçirilməsi barədə razılıq əldə olunub” deyə bildirilir.

Bundan başqa, Orta Asiya Beynəlxalq İnstitutunun və Özbəkistan Xarici İşlər Nazirliyi yanında Beynəlxalq Münasibətlər üzrə İnformasiya-Analitik Mərkəzinin nümayəndə heyəti Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlil və Strateji Araşdırmalar İdarəsinin rəisi M.Qasımov ilə görüşüb.

Özbəkistan-Azərbaycan əməkdaşlığının aktual məsələləri, Orta Asiyada mövcud vəziyyət və onun Güney Qafqazla qarşılıqlı fəaliyyət perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, birgə səylər nəticəsində iki ölkə arasında strateji tərəfdaşlıq demək olar ki, bütün istiqamətlərdə ardıcıl olaraq genişlənir və hər iki dövlətin mənafeyinə xidmət edir.

M.Qasımov qeyd edib ki, Azərbaycan Özbəkistanla əlaqələrin inkişafına üstünlük verir. Prezident Şavkat Mirziyoyevin Bakıya gözlənilən dövlət səfərinin ikitərəfli münasibətlərə yeni təkan verəcəyi də vurğulanıb.

Mission News Theme by Compete Themes.