Press "Enter" to skip to content

“44 günlük savaşın 444 cəngavəri”

Sözügedən kitabın 1-ci cildi

BAYRAQDAR MEDİA – Başlıq, əslində eyni adlı kitabdan götürülüb. Bu adda kitab oktyabrın 9-da Xaçmazdakı Heydər Əliyev Mərkəzində ictimaiyyətə təqdim olunub.

“44 günlük savaşın 444 cəngavəri – Xaçmazlı döyüşçülər” o torpağın yetirməsi, Qarabağ veteranı, Əməkdar jurnalist Əntiqə Qonaqın 2020-ci ilin 44 günlük Vətən Savaşında iştirak etmiş xaçmazlı döyüşçülərin tarixi əməyini kitablaşdırıb tarixə keçirməsinin əsəridir.

Kitab 3 cilddə olacaq. Adından da göründüyü kimi, əsərdə 444 döyüşçü haqqında bilgilər toplanır. Burada bioqrafik bilgilərlə bərabər döyüşçünün döyüş yolu haqqında da məlumat verilir.

Sözügedən kitabın 2 cildi artıq dərc edilib, 3-cü cild də hazırlanmaq üzrədir. Şəhidlərin xatirəsinə bir dəqiqəlik sükutla başlayan Xaçmazdakı təqdimatda da məhz 1-ci və 2-ci cildlər ictimaiyyət önünə çıxarıldı.

Təqdimatdan görüntü
Təqdimatdan görüntü

Əməkdar jurnalist Azər Həsrətin moderatorluğu ilə keçən təqdimatda rayon ictimaiyyətinin nümayəndələri, eyni zamanda çoxsaylı döyüşçülər iştirak edirdi. Həmçinin sənət adamları, balaca fidanlar da tədbirdə yer almışdı.

Xaçmaz şəhərindəki Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbin şagirdləri çıxış edərkən
Xaçmaz şəhərindəki Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbin şagirdləri çıxış edərkən

İlk söz ilə çıxış edən müəllif Əntiqə Qonaq ideyanın necə yaranması, onun gerçəkləşdirilməsi üçün atılan addımlar haqqında qısa məlumat verdi. O, bir xaçmazlı, eyni zamanda Qarabağ veteranı və jurnalist olaraq bu gözəl yurdun igid oğullarının tarixi xidmətlərini kitablaşdırmağı özünün mənəvi borcu sandığını dedi.

Daha sonra Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın həm də Qarabağ məsələsində əldə etdiyi möhtəşəm uğurlardan bəhs etdi. O, bu uğurların qazanılmasında Xaçmaz əhalisinin, özəlliklə də gənclərin danılmaz xidmətlərini yüksək qiymətləndirdi. Natiq qeyd etdi ki, xaçmazlılar da bütün Azərbaycan xalqı kimi Vətənin ayrılmaz bir parçası olan Qarabağın düşmən işğalından azad edilməsi üçün canlarını heç çəkinmədən fəda ediblər.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxışının ardından müəllifi gül dəstəsi ilə təbrik edərkən
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxışının ardından müəllifi gül dəstəsi ilə təbrik edərkən

Təqdimatda eyni zamanda müəllimlər, sənət adamları, döyüşçülər, şəhid anaları, rayonun ictimai fəalları, həmçinin Bakıdan gələn qonaqlar çıxış edərək görülən işə yüksək qiymət verdiklərini bildirdilər.

Tədbirin sonunda müəllif kitablarda adı keçən hər bir döyüşçüyə imzalı nüsxəni təqdim etdi.

Qeyd edək ki, kitab müəllifin şəxsi vəsaiti hesabına dərc edilib. Buna baxmayaraq Əntiqə Qonaq döyüşçülərə onların adı keçən nüsxələri hədiyyə edib, yerdə qalan kitablar isə arzu edənlərə adi qaydada satılır.

Mission News Theme by Compete Themes.