Dr. Yücel Karauz: Türkiyə proseslərə soyuqqanlı yanaşma sərgiləməklə, bəzi bəlli güclərin qaranlıq istəklərini puç etdi
BAYRAQDAR MEDİA – “Son hadisələrdə istifadə edilən raket əleyhinə minaların sayına, dronlar və s. nəzər salsaq deyə bilərik ki, bunu HƏMAS-ın təkbaşına etdiyinə inanmaq mümkün deyil”.
Bunu HƏMAS-ın İsrailə qarşı həyata keçirdiyi terror hücumundan sonra yaranmış durumu BAYRAQDAR MEDİA-ya üçün dəyərləndirən Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz bildirib.
Onun sözlərinə görə, keçmişdə HƏMAS-a zaman-zaman Qatar, Səudiyyə Ərəbistanı, Suriya dəstək göstərirdi: “Lakin son illər dünyada bəzi ölkələlər arasında münasibətlərin normallaşması fonunda Səudiyyə Ərəbistanı və BƏƏ HƏMAS-a dəstəkdən imtina ediblər. Amma HƏMAS İranla isti münasibətlərdə idi. Eyni zamanda, İran prezidentinin son hadisə ilə bağlı açıqlaması onu deməyə əsas verir ki, bu hadisələrə görə İran təzyiqə məruz qalacaq. Hər halda hadisələrin inkişafını izləyək, yaxın günlərdə məsələlərə daha da aydınlıq gələcək”.
Son olayların Türkiyəyə təsirinə, konkret olaraq bu hadisələrin, eyni zamanda Türkiyə-İsrail münasibətlərin normallaşmasına mane olmağa hesablanması ilə bağlı ehtimallara gəlincə Dr. Y.Karauz deyib: “Düşünürəm ki, bu arzuda olanların arzusu reallaşmayacaq. Çünki Türkiyə-İsrail münasibətlərinin normallaşması üçün hər iki tərəfdən inamlı addımlar atılmaqdadır. Həmçinin, hadisədən dərhal sonra sayın Cümhurbaşqanının və Türkiyə XİN-in açıqlaması da onu deməyə əsas verir ki, Türkiyə proseslərə soyuqqanlı yanaşma sərgiləməklə, bəzi bəlli güclərin qaranlıq istəklərini puç etdi və bu soyuqanlı davranışın bundan sonra da davam edəcəyini düşünürəm. Düzdür, HƏMAS-ın məlum terror hücumundan sonra İsrailin cavabı daha sərt oldu və yəqin ki, Türkiyə buna da reaksiya verəcək. Lakin inanıram və ümid edirəm ki, hər iki tərəf soyuqqanlı davranacaq”.





