Press "Enter" to skip to content

Kitab tanıtma: “Qarabağın paleolit düşərgələri”

Qarabağın paleolit düşərgələri

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı nəşrlərdən biri də Əsədulla Cəfərovun müəllifi olduğu “Qarabağın paleolit düşərgələri” kitabı da var.

Kitab AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Elmi Şurasının 9 fevral 2017-ci il tarixli qərarı ilə çap olunub.

Əsər Azərbaycanın qədim sivilizasiya mərkəzlərindən biri olan Qarabağın dünya şöhrətli Azıx və Tağlar qədim insan düşərgələrində aparılmış kompleks elmi tədqiqatlar zamanı tapılmış maddi mədəniyyət qalıqlarının elmi şərhinə həsr olunub. Kitabda çoxtǝbəqəli Azıx, Tağlar və Şuşa paleolit düşərgələrində aparılan arxeoloji qazıntılar zamanı tapılmış arxeoloji, paleantoloji və paleoantropoloji qalıqlar arxeologiya elminin son nailiyyətləri əsasında tədqiq olunub. Qarabağ ərazisində müəyyən olunmuş quruçay, qədim aşel, orta aşel, son aşel, mustye və üst paleolit mədəniyyətlərinin xarakterik xüsusiyyətləri, ulu sakinlərin əmək alətləri hazırlamaları, ovçuluq, yığıcılıq, ibtidai tikililərin yaranması, odu kəşf etməsi, neandertal tipli insanların inkişaf edib homo sapiens (kamil insan) tipli insanlara çevrilməsi və Qarabağın ən qədim tarixi maddi mədəniyyət qalıqları əsasında şərh olunub.

Beynəlxalq INTAS-2000 proqramı əsasında Avropa alimləri ilə birgə aparılmış elmi tədqiqatlar zamanı əldə olunmuş nailiyyətlər kitabda ilk dəfə olaraq çap olunub.

Əsərdə Azıx qədim insan düşərgəsinin tarixini saxtalaşdırmağa çalışan bəzi erməni “tədqiqatçıların” fikirlərinin elmi əsassız olması faktlarla təkzib edilib.

Kitab arxeoloqlar, etnoqraflar, tarixçilər, paleogeoloqlar, paleoantoloqlar, paleoantropoloqlar, tələbələr və digər geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, kitabın elmi redaktoru tarix elmləri doktoru, Prof. Abbas Seyidov, rəyçiləri isə tarix elmləri doktoru Prof. Vəli Əliyev və tarix üzrə fəlsəfə doktoru Ceyhun İsmayılovdur.

Mission News Theme by Compete Themes.