QHT-lərə Dövlət Dəstəyi Agentliyi yeni qaydalar əsasında qrant müsabiqlərini elan edib
BAYRAQDAR MEDİA – Məlum olduğu kimi, 2021-ci ildə təsis edilən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri məhz dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair QHT-lərin irəli sürdükləri təşəbbüslərin, layihələrin qiymətləndirilməsidir. Ötən müddət ərzində Agentlik tərəfindən QHT layihələri ilə bağlı müxtəlif mövzular üzrə 8 qrant müsabiqəsi keçirilib.
Qeyd edək ki, həmin mu müsabiqələr Agentliyin Müşahidə Şurasının tərtib etdiyi müvəqqəti qaydalar əsasında aparılıb. Lakin artıq bu sahədə yeni addımlar atılır. Daha dəqiq desək, Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalardan sonra artıq müvəqqəti qaydalar qüvvədən düşüb. Odur ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yeni qaydalara əsasən ilk qrant müsabiqələrini elan edib.
Qurumun saytında verilən məlumata görə, yeni qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2024-cü il üzrə kiçik, orta və böyük qrant müsabiqələrini elan edir.
Məlumata əsasən, hər 3 müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2023-cü il noyabrın 10-da başlanacaq. Müraciət üçün son tarix 10 dekabr 2023-cü ildir: “Bundan sonra QHT-lərdən toplanmış layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək. Müsabiqənin nəticələri 2024-cü ilin fevralında elan olunacaq”.
Qrant müsabiqələri haqqında ətraflı məlumatı bu linkdən əldə etmək olar.





