Press "Enter" to skip to content

Xaçmaz icra başçısının timsalında yaxşı xidmət örnəyi

Qudyalçay üzərində müvəqqəti və daha əlverişli keçid

Son yeniləmə: 28 Oktyabr 2023 20:46

BAYRAQDAR MEDİA – Məni tanıyanlar yaxşı bilir. Öz doğma rayonum Xaçmazın rəhbərliyi haqqında bir qayda olaraq çox danışmır, yazmıram. Arabir yaxşı işlər haqqında fikirlərimi qeyd edirəm, gərək olduğunda tənqid yazıram. Amma bunu da olduqca gec-gec edirəm.

İndi isə elə bir durumdur ki, bu işin üzərindən elə-belə keçmək olmaz. Xaçmazın indiki icra başçısı Elnur Rzayev yeni dalğada təyinat alan nisbətən gənc kadrlardandır. Xaçmaz rayonuna 2019-cu il oktyabrın 31-də başçı təyin edilib. Yəni düz dörd il öncə.

Yadımdadır ki, o, yeni təyin edildikdən az sonra bir görüşümüz olmuşdu. Bir sıra məsələlər haqqında danışmışdıq. Özəl olaraq xahiş etmişdim ki, Dədəli kəndindən Yataqoba kəndinə gedən yolun üzərindəki körpünün bərpası üçün mümkün olanı etsin. Bu iki kənd arasındakı Qusarçayın üzərindən keçən Hündür körpü uzun illər idi ki, uçmuşdu. Təəssüf ki, rayonun əvvəlki başçısı Şəmsəddin Xanbabayevə edilən çoxsaylı müraciətlərə baxmayaraq heç bir tədbir görülməmişdi…

Amma Elnur Rzayev rayona gələndən dərhal sonra həllini tapan məsələlərdən biri də məhz elə bizim Hündür körpünün bərpası oldu. Düzdür, körpünü iş adamlarından biri xeyriyyə məqsədi ilə tikdirdi. Amma olsun. Əsas odur ki, bizə lazım olan körpü qısa müddət ərzində quruldu, işləyir, camaatımız da çox razıdır. Həm körpünü tikən xeyriyyəçi iş adamından, həm də rayonun icra başçısından…

Bu xatirəmin dilə gətirilməsinə səbəb 2023-cü il sentyabrın 15-də uçmuş Xaçmaz şəhərinin girişindəki Qudyalçay körpüsüdür. Bəli, məhz o körpünün uçması rayon sakinləri, qonaqlar üçün əlavə problem yaratdı. Alternativ olaraq təqdim edilən yol isə həm uzaq, həm də çətin idi. O körpünün üzərindən keçəcəyimiz məsafəni qət etmək üçün haradasa əlavə 5 km, onun da 4 km-ə qədəri həm təhlükəli, həm də narahat olmaqla kanal üzərindən getməli olurduq. Bu da hər kəsin narahatlığına səbəb olurdu.

Belə bir durumda xəbər gəldi ki, rayonun icra başçısı Elnur Rzayevin təşəbbüsü ilə uçmuş körpünün bir neçə metrliyində çayın nisbətən dayaz yerindən müvəqqəti yol çəkilir. Sevindik. Demək ki, daha çevik düşünən, əhalinin istəklərini gözlənilməz durumlarda belə təmin edə bilən bir başçımız var. Əlbəttə, bunun özü bizim üçün olduqca vacibdir. Həm də ölkə Prezidenti İlham Əliyevin əhalini razı salmaq, vətəndaşın qayğısına qalmaqla bağlı tapşırıqları məhz belə icra edilərsə, əminik ki, bütün ölkədə vətəndaşlar çox razı qalar.

Yuxarıda qeyd etdiyimiz kimi, Elnur Rzayev Xaçmaza başçı gələndə ilk işlərindən biri kimi bizim Dədəli kəndindən keçən Qusarçay üzərində yeni körpünün tikilməsi ilə yadda qalmışdı. İndi də Qudyalçay üzərindən daha əlverişli keçid təmin edilir.

Nə deyirik? Əlbəttə əhsən! Bu yolu tez-tez keçən birisi kimi təşəkkür edirəm. Yeri gəlmişkən, oktyabrın 27-də yeni alternativ yoldan keçərkən qısa bir çəkiliş də etdim. Körpü uçduğu gün də tam təsadüf gəlib üstünə çıxmışdım. O görüntüləri birləşdirib dəyərli oxucularımıza təqdim edirəm. Onu da əlavə edim ki, körpü tikilir və yəqin ki, ən geci noyabrın sonuna istifadəyə veriləcək.

Sonda: 2022-ci il mayın 7-də Dədəlidəki evimiz elektrikdən alışıb yanmışdı. Məsələni Fövqəladə Hallar Nazirliyi, sonra da Ədliyyə Nazirliyinin mütəxəssisləri araşdırdı. Bəlli oldu ki, səbəb elektrik verilişindəki problemdir. Təəssüflər olsun ki, bu günə kimi nə kompensasiya verən var, nə də bir maraqlanan. Sadəcə o günlərdən yadımda qalan bir məqam da odur ki, Elnur Rzayev zəng edib toxtaqlıq verdikdən sonra demişdi ki, “bir başçı kimi deyil, bir qardaş kimi deyirəm, nə kömək lazımdırsa, edək”. Bu söz elə mənə bəs eləmişdi. Təbii ki, təşəkkür etdim, kömək istəmədim. Amma o çətin-sıxıntılı anımda bu söz çox yerinə düşmüşdü…

Dədəli, Xaçmaz

Mission News Theme by Compete Themes.