Press "Enter" to skip to content

Nazilə Gültacdan gözəl bir nəsr örnəyi – “Şəhid atası”

Şəhid atası

BAYRAQDAR MEDİA – Bugünlərdə Nazilə Gültacın yeni nəsr kitabı – “Şəhid atası”nın təqdimatı olacaq. Sağ olsun, təqdimatdan öncə kitabı şəxsimə təqdim elədi, həvəslə oxudum.

Oxudum. Göz yaşları içində bitirdim bu əsəri…

Gerçək həyat hekayətidir “Şəhid atası”. Hamımızın şahidi olduğumuz, gördüyümüz, hətta bəzən yaşadığımız hekayət…

Əsərin qəhrəmanı Vəli çox miskin həyat sürür. Kasıbdır, imkansızdır. Ailəsi pərən-pərəndir. Başını salmağa bir koması belə yoxdur…

Yazar bu əsərdə şəxsən məni bir sosial problem olaraq narahat edən məsələyə ustalıqla diqqət çəkib: Vəli bir kənd adamıdır. Bağlı-bağatlı kəndinin gözəl təbiəti var. Amma adam o gözəllikləri buraxaraq şəhərə gəlib ki, bir parça çörək qazansın. Qazandığı da bir şey olsa…

Tanış mənzərədir, deyilmi? Elə Bakının özündə nə qədər insanlar var ki, gül kimi təbiət qoynundakı ev-eşiklərini buraxıb zirzəmilərdə yaşayır, gündəlik bir qarın çörəyə işləyirlər…

Qəhrəmanımızın oğlu – sonda şəhid olacaq Yusif də çox tanış obrazdır. Dəcəldir, məktəbdə şuluq salan uşaqlardan olub. Oxuduğu texniki peşə məktəbində də eyni qaydada şuluq uşaq kimi tanınıb.

Amma…

Amma Yusif bununla bərabər çox vətənpərvər, qeyrətli oğuldur!

Bəli, Nazilə Gültacın cızdığı Yusif obrazı bütün başqa məziyyətlərinə baxmayaraq qeyrətli və vətənpərvər oğuldur!

Bu da çox tanış obrazdır. Ətrafımızda belə gənclər yetərincədir. Olub ki, “bundan adam olmaz, bundan Vətən qoruyan olmaz” dediyimiz nə qədər gənclərimiz istər 1-ci, istərsə də 2-ci Qarabağ savaşında hamıdan öndə gedib, kişi kimi savaşıb. Onların bəziləri şəhid, bəziləri də qazi olub.

Yusif də belədir. Düz-əməlli ailə ortamı görməyən bu gənc oxuduğu məktəbə belə xəbər vermədən cəbhəyə könüllü gedib. Son anda atasıyla da görüşüb, onunla sağollaşaraq işğalçı ermənilərə yerini göstərməyə yollanıb.

Yusif igidliklə vuruşub. Düşmənin üzərinə sürdüyü tankı neçə-neçə düşmən mövqeyini dağıdıb. Sonda bu igid oğlan şəhidlik zirvəsinə yüksəlib…

– Vətən sağ olsun!

“Şəhid atası” bu sözlərlə bitir.

Doğrudan da Vətən sağ olsun! Kasıb da olsaq, kimsəsiz də olsaq Vətən sağ olsun!

Biz olmasaq da olar, Vətən sağ olsun!

Dəyərli dostumuz, həmkarımız Nazilə xanımı bu əsər münasibəti ilə təbrik edirəm. Hər zaman olduğu kimi onun həkim qəlbi, şair həssaslığı bu əsərində də özünü göstərib. Şəxsən yaxşı tanıdığım üçün əminliklə deyirəm ki, yazar əsəri öz daxili aləmindən keçirərək – duyaraq, yaşayaraq yaradıb. Ona görə də çox səmimi, oxunaqlı alınıb.

Mission News Theme by Compete Themes.