Press "Enter" to skip to content

Zəlzələ, mina, prezident seçkisi və əsgərlərimizin azad edilməsi

Aödamda mina müzakirəsi

BAYRAQDAR MEDİA – Dekabrın 7-də günü zəlzələ xəbəri ilə açdıq. Biz QHT Agentliyinin təşkil etdiyi Ağdam səfəri üçün yolda idik. Bir anda xəbər gəldi ki, zəlzələ olub. Aradıq, axtardıq, “şükür ki, xətasız ötüşüb”, deyərək yolumuza davam etdik.

Ağdamda Agentliyin ANAMA ilə birlikdə gerçəkləşdirdiyi “Sağlam ortam və minasız həyat” adlı beynəlxalq konfransda iştirak edəcəkdik. Gün zatən maraqlı başlamışdı, hələ irəlidə də əlavə həyəcanlar vardı.

Ağdama çatdıq. Yeri gəlmişkən deyim ki, bu şəhərin qalıqlarına sonuncu səfərimdə böyük bir yol tikintisini görmüşdüm. İndi o tikintinin böyük bir hissəsi başa çatıb və küllərindən doğulmaqda olan Ağdama geniş, müasir yol çəkilib.

Umud Rəhimoğlu ilə Xaçınçay körpüsündə bir xatirə şəkli
Umud Rəhimoğlu ilə Xaçınçay körpüsündə bir xatirə şəkli

Əvvəlcə Ağdamın Baş Qərvənd kəndində minatəmizləmə prosesi ilə tanış olduq. Tərəfdaş təşkilat olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, həmçinin qurumun xaricdən dəvət etdiyi təcrübəli mina təmizləyənlər proseslə bağlı bizi məlumatlandırdı. Eyni zamanda QHT Agentliyinin icraçı direktoru Aygün Əliyeva da bu yöndə aparılan işlər, səfərin əsas məqsədi və s. məsələlərlə bağlı fikirlərini paylaşdı.

Mina təmizləyən zərif xanımlarla xatirə şəkli
Mina təmizləyən zərif xanımlarla xatirə şəkli

Az sonra biz – QHT təmsilçiləri və ictimai fəallar artıq minatəmizləmə prosesinin olduğu ərazidə idik. Təhlükəsizlik təlimatlarına uyğun olaraq burada müşahidə apardıq. Mina təmizləyən zərif xanımlarla tanış olduq, onların işi ilə maraqlandıq. Kiçik bir ərazidə bu prosesə cəlb edilən insan qüvvəsi ilə bərabər itlərin və siçovulların da fəaliyyəti olduqca maraqlı idi. Yeri gəlmişkən öyrəndik ki, itlər minalı əraziləri aşkar edir, siçovullar isə minaların özlərini.

Bu tanışlıqdan sonra küllərindən doğulan Ağdam şəhərində inşa edilmiş Konqres Mərkəzinə yollandıq. Ətrafdakı xarabalıqlar fonunda özünün müasirliyi və yetərincə yüksək təchizatı ilə diqqət çəkən mərkəzdə konfransımız işə başladı.

Bir neçə saat içində xarici və milli mütəxəssislərin mina təhlükəsi, Azərbaycanın üzləşdiyi bu ciddi problem ilə bağlı maraqlı təqdimatlarını dinlədik. Eyni zamanda iştirakçıların sual və çıxışları da konfransa rəng qatdı.

QHT Agentliyinin icraçı direktoru Aygün Əliyeva və konfransın usta moderatoru Orxan Amaşov
QHT Agentliyinin icraçı direktoru Aygün Əliyeva və konfransın usta moderatoru Orxan Amaşov

Maraqlı tədbir idi. Həm də çox gərəkli bir təşkilatçılıqdı. Çünki məhz Ağdamda – işğalçı Ermənistanın uzun illər işğal altında tutub minalarla, partlamamış döyüş sursatları ilə çirkləndirdiyi bir torpaqda problemi əyani olaraq görmək və müzakirə aparmaq daha effektivdir.

Biz minasız dünya istəyirik!
Biz minasız dünya istəyirik!

Konfrans bitdi, hər şey əla oldu. Həm də çoxdandır görüşməyən ictimai fəallar bir-biri ilə fikir mübadiləsi apardı, planlar haqqında danışdı, xoş bir gün yaşadı…

Günümüz tək bununla əlamətdar olmadı. Biz o aralarda Prezident İlham Əliyevin 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkisi keçirməklə bağlı Sərəncam xəbərini də aldıq. Bu Sərəncam istər-istəməz əlavə fikirlərə səbəb oldu.

Növbədənkənar prezident seçkiləri keçiriləcək

Məsələn, niyə Prezident İlham Əliyev hələ qarşıda az qala iki il varkən seçkini belə önə çəkir? Bir məsələdə həmkarlarımızla yekdil fikrə gəldik: İlham Əliyev 2018-ci ilin aprelində qazandığı prezident seçkisində vəd etdiklərini 7 il tamam olmadan artıqlaması ilə yerinə yetirdiyinə görə yenidən xalqa seçim şansı tanımağa qərar verib!

Bəli, məhz bu səbəbdən İlham Əliyev yenidən xalqa dönür, onun etimadını yeniləmək, sərbəst seçimini tezləşdirmək üçün seçkini daha irəli çəkir.

Doğrudan da belə baxanda ötən dövr ərzində Azərbaycan çox böyük bir yol keçib. Hətta bütün uğurları bir yana qoysaq, dövlətimiz öz müstəqillik tarixində ilk dəfə ərazi bütövlüyünün təmin edilməsi şəraitində seçki keçirəcək!

Azərbaycan Respublikasının bütün ərazisində suveren hüquqlarımız bərpa edilib. Ermənistanla sülh müqaviləsinin bir addımlığındayıq və bundan sonrakı mərhələdə artıq dinc quruculuq işlərini sürətləndirmək lazımdır. Prezident də məhz o mərhələ üçün xalqın seçiminə zərurət olduğunu düşünərək bu seçki qərarını verib!

Bu da son deyil!

Günün xəbərləri gəldikcə gəlməyə davam etdi dekabrın 7-də!

Bəlli oldu ki, Azərbaycan Prezidentinin Administrasiyası ilə Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində hazırda həbsdə olan 32 erməni hərbçisi öz ölkəsinə təhvil veriləcək. Qarşılığında isə Ermənistanda həbsdə olan 2 Azərbaycan hərbçisi geri alınacaq!

Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub

Bax, belə! Azərbaycan Prezidenti növbəti dəfə tək bir vətəndaşımızı belə darda buraxmamaqda qərarlı olduğunu göstərdi! İlk dəfə deyil bu həm də! İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə dəfələrlə bənzər məsələlərdə qərarlı davranıb, bütün imkanları səfərbər edərək vətəndaşlarımızı xilas etməyi bacarıb! Bacarması da təəccüblü deyil. Çünki o, sözdə deyil, əməldə bütün azərbaycanlıların prezidentidir!

Yeri gəlmişkən, bu məsələdə diqqətimizi həm də o çəkir ki, razılıq tərəflər arasındakı birbaşa danışıqlar nəticəsində əldə edilib. Olduqca önəmli məqamdır. Biz Ermənistanla birbaşa – özümüz danışanda nəticə də belə uğurlu olur. Azərbaycan elə ona görə də illərdir həm Ermənistana, həm də onu qızışdıranlara izah etməyə çalışır ki, bu məsələdə üçüncü tərəfin iştirakına gərək yoxdur!

Günümüzə zəlzələ ilə başlamışdıq, minatəmizləmə, konfrans ilə davam etdik, prezident seçkisi və əsgərlərimizin azad edilməsi xəbəri ilə yekunlaşdırdıq. Yaxşı gün oldu.

Yeri gəlmişkən, Ağdamdakı konfransın sonunda iştirakçılar xarici ölkələrin vətəndaş cəmiyyəti təmsilçiləri ilə birgə Azərbaycan Prezidentinin humanitar minatəmizləmənin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi irəli sürülməsi təşəbbüsünü dəstəkləyən Bəyanat qəbul ediblər.

Mission News Theme by Compete Themes.