BAYRAQDAR MEDİA – Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qardaş Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Fonddan daxil olub.
Xəbərdə deyilir ki, “görüşdə A.Raimkulova Türkiyəni şanlı 100 illiyini tamamlaması münasibəti ilə təbrik edib. Görüş zamanı müasir müstəqil Azərbaycan dövlətinin banisi, Türk xalqlarının dostluq və qardaşlıq əlaqələrinin, həmrəyliyinin möhkəmləndirilməsi naminə böyük xidmətlər göstərmiş Heydər Əliyevin 100 illiyinin ölkə miqyasında və beynəlxalq səviyyədə təntənəli qeyd olunması vurğulanıb, Şuşanın 2023-cü il Türk Dünyasının Mədəniyyət Paytaxtı fəxri ünvanını layiqincə daşıması, cari ildə çoxsaylı tədbirlərə uğurla ev sahibliyi etməsi qeyd olunub. Eyni zamanda bu çərçivədə Fond tərəfindən müxtəlif ölkələrdə böyük miqyaslı layihələrin həyata keçirilməsi yüksək dəyərləndirilib”.
Görüşdə Fond ilə təşkilatın qurucu üzv ölkəsi Türkiyə arasındakı qarşılıqlı əməkdaşlıq münasibətlərindən bəhs olunub. Təşkilatın ölkənin mədəni irsinin tanıdılması istiqamətində həyata keçirdiyi layihə və tədbirlərə diqqət çəkilib. Mövcud tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi yönündə perspektivlər müzakirə olunub.





