BAYRAQDAR MEDİA – Naxçıvan Təhsil Nazirliyinin (NTN) təşkilatçılığı ilə sahibkarların iştirakı ilə ilk dəfə olaraq məktəbəqədər və ümumi təhsil müəssisələrinə infotur həyata keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirlikdən daxil olub.
Xəbərdə bildirilir ki, “tədbirdən əvvəl Naxçıvan Biznes Mərkəzində infoturun açılış mərasimi təşkil edilib. İnfoturun təşkilində məqsəd ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan özəl təhsil müəssisələrinin yaradılması istiqamətində sahibkarlar arasında təşviqat işlərini aparmaqdır. İnfoturun açılış mərasimində Naxçıvan Baş nazirinin müavini Bəxtiyar Məmmədov, təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov, iqtisadiyyat naziri vəzifələrinin icraçısı, nazir müavini Abbas İsmayılov, maliyyə naziri vəzifələrinin icraçısı, nazir müavini Həsən İsmayılov və digər qonaqlar iştirak ediblər”.
Sonra xəbərdə, “açılışda çıxış edən E.Nəcəfov Dövlət Proqramında muxtar respublikada digər sahələrlə yanaşı, sahibkarlığın inkişafı sahəsində bir sıra hədəflərin müəyyənləşdirildiyini, həmçinin özəl təhsil və tibb müəssisələrinin yaradılmasının nəzərdə tutulduğunu bildirib. O həmçinin NTN tərəfindən özəl təhsil müəssisələri açmaq istəyən sahibkarlara hərtərəfli şəraitin yaradılacağını və onlara nazirlik tərəfindən metodiki dəstək göstəriləcəyini diqqətə çatdırıb” deyə qeyd olunur.
A.İsmayılov çıxışında muxtar respublikada əlverişli biznes mühitinin yaradılması və özəl sektor tərəfindən sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsinin, eləcə də özəl təhsil müəssisələrinin təşkili üçün sahibkarlar arasında təşviqat işlərinin aparılmasının nəzərdə tutulduğunu vurğulayıb.
H.İsmayılov isə öz növbəsində Naxçıvanda özəl təhsil müəssisələrinin yaradılmasının sahibkarlığın və iqtisadiyyatın inkişafına təsir göstərəcəyini, həm də büdcənin yükünü nisbətən azaldacağını qeyd edib.
Sonra sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Tədbirdən sonra iştirakçılar Naxçıvandakı məktəbəqədər və ümumi təhsil müəssisələrinə baş çəkiblər.





