BAYRAQDAR MEDİA – Dekabr ayının 14-ü saat 15:55-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran vətəndaşı saxlanılıb. Saxlanılan şəxsin üzərindəki bağlamaya baxış keçirilərkən 15 kiloqram 600 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.
Xəbəri dekabrın 15-də DSX Mətbuat Mərkəzi yayıb.
Mərkəzin başqa bir xəbərində isə deyilir ki, eyni gündə “saat 19:00 radələrində DSX Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Alaşa kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində bağlamalarda ümumi çəkisi 11 kiloqram 970 qram olan narkotik vasitə – marixuana, bir ədəd “Glock” markalı tapança, bir ədəd daraq və on iki ədəd patron aşkar olunaraq götürülüb”.
Bildirilir ki, hər iki fakt üzrə araşdırma aparılır.