Son yeniləmə: 18 Dekabr 2023 16:31
Dr. Yücel Karauz: Ermənistan-Azərbaycan sərhədindən qoşunların çıxarılması təklifi nə ağıla, nə də məntiqə uyğun deyil
BAYRAQDAR MEDİA – “Ermənistan-Azərbaycan sərhədindən qoşunların çıxarılması təklifi nə ağıla, nə də məntiqə uyğun deyil. Bu, hər hansı dövlət nizamına, mövcud durumda regionda dövlətlərarası əlaqələrə uyğun olmayan bir təklifdir. İndiki halda Avropa Birliyi ölkələri arasındakı qoşunsuz sərhəd prinsipinin Güney Qafqazda tətbiqi qeyri-mümkündür”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.
Xatrladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuata açıqlamasında ölkəsinin Ermənistan-Azərbaycan sərhədindən qoşunların çıxarılması təşəbbüsü ilə çıxış etdiyini deyib. Lakin rəsmi Bakı bunu qəbuledilməz adlandırıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın hər iki ölkənin qoşunlarını sərhəddən çıxarmaq təklifinin rəsmi Bakı üçün qəbuledilməz olduğunu bildirib.
Dr. Y.Karauz bildirib ki, zatən Azərbaycan da qarşı tərəfə bunun mümkün olmadığını çatdırıb: “Əgər Ermənistan bu məsələdə bu qədər israrlıdırsa o zaman o, öncə İran, yaxud Gürcüstan, yaxud da Türkiyə ilə sərhəddəki qoşunlarını geri çəksin. Təbii ki, çəkməyəcək. Çünki Ermənistanın bu təklifinin arxasında Batının oyunları, qara məqsədləri dayanır. O mənada ki, sərhədin qoşunsuz olması revanşist addımlara rəvac verəcək. Bu isə sülh razılaşmasına gedən yolda problemlərin və böhranın dərinləşməsinə yol açacaq. Bir sözlə, bu təklifin arxasında təhlükəli siyasi hiylə dayanır. Azərbaycan nə İran, nə də Ermənistan sərhədindən qoşun çəkə bilməz”.
Qeyd edilib ki, nəinki Ermənistanla sərhəddən qoşun çəkmək mümkünsüzdür, hətta sülh sazişindən sonra Türkiyə-Suriya sərhəddində olduğu kimi, Ermənistan-Azərbaycan sərhədində də təhlükəsizlik divarı hörülə bilər: “Dolayısı ilə Güney Qafqaz Avropa deyil. Mövcud vəziyyət Avropa Birliyi daxilində tətbiq edilən prinsiplərin burada da tətbiqini qeyri-mümkün edir. Ən azı ona görə ki, hazırda Azərbaycan-Ermənistan sərhədi delimitasiya olunmayıb. Ceyhun Bayramovun da bəyan etdiyi kimi, əgər qoşunlar bölünməmiş sərhəddən çıxarılsa, orada heç nə olmayacağına kim zəmanət verə bilər? Qısası, bunların məqsədi sabah sərhədi nəzarətsiz edib yenidən hücum etməkdir”.