Son yeniləmə: 20 Dekabr 2023 08:39
Ülkər Əbülfət: Şükürlər olsun ki, artıq “Qarabağa qayıdış ümidi ilə” adlı deyil, “Qarabağa qayıdış” adlı rəsm sərgisinin üzərində işləyirəm
BAYRAQDAR MEDİA – Noyabrın 21-22-də qardaş Türkiyənin paytaxtı Ankara şəhərində “İş dünyası:100 ilin zirvəsi” adlı biznes-forumu keçirilib. KOB Subyektləri və Klubları Assosiasiyasının (KOBSKA) və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşkilatçılığı ilə keçirilən forum Ulu Öndər Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illik yubileyləri çərçivəsində reallaşdırılıb. Azərbaycan tərəfdən müxtəlif sektorları təmsil edən 60-a yaxın KOB subyektinin iştirakı etdiyi forum çərçivəsində, həmçinin sərgi də təşkil edilib. Həmin sərgidə əsərləri nümayiş olunanlardan biri də istedadlı rəssam, bir çox yaddaqalan layihələrin rəhbəri Ülkər Əbülfətdir.
Xatırladaq ki, həm Azərbaycanda, həm də qardaş Türkiyədə məşhur olan, Vətən müharibəsində ön cəbhədə baş verənləri öz əsərləri ilə ictimaiyyətə çatdıran, Azərbaycan Rəssamlar İttifaqının üzvü, həmçinin Azərbaycan Veteran Tankçılar Birliyinin, Gürcüstan Respublikası Rəssamlar İttifaqının fəxri üzvi Ülkər Əbülfət xaricdə keçirilən çoxsaylı rəsm sərgilərində Azərbaycanı layiqincə təmsil edib. Onunla müsahibəmizdə həm bu, həm də digər məqamlara toxunduq.
Müsahibəyə keçməzdən öncə vurğulamağı özümüzə borc bilirik ki, BAYRAQDAR MEDİA oxucularına Ü.Əbülfət həm də “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin həyata keçirdiyi “Türk dünyasının birliyində Heydər Əliyev amili” layihəsi çərçivəsində reallaşdırılan eyniadlı rəsm müsabiqəsindən tanışdır. Məhz onun yüksək keyfiyyətli ekspertliyi sayəsində müsabiqə Azərbaycanda və ümumilkdə türk dünyasında xüsusi maraqla qarşılandı.
Gördüklərimi kağız üzərinə köçürürdüm
Ülkər Əbülfət qızı Quliyeva Beyləqan şəhərində dünyaya göz açıb. Orta təhsilini Beyləqan şəhər 1saylı tam orta məktəbdə alıb. Sonra o, 2016-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olub və orada təhsilini davam etdirib. Bu günə kimi yerli və beynəlxalq sərgilərdə 100-ə yaxın diplom, fəxri fərman və 6 medalla təltif olunub.
İlk olaraq “Sizdə rəssam olmaq arzusu necə yarandı” sualını cavablandıran Ülkər xanım dedi ki, onda rəssamlığa həvəs lap kiçik yaşlarından başlayıb: “Hələ uşaq olarkən evdə mənə rəsm çəkmək üçün çoxlu kağız, karandaş alırdılar. Mən də gördüklərimi kağız üzərinə köçürürdüm. Nar ağacının çiçəklərini, otları və təbiətdən bir çox çiçəkləri yığırdım. Onların şəkillərini kağız üzərində çəkirdim. Anam isə çəkdiklərimin hamısını saxlayırdı”.
Rəssamlığın hansı sahələrində işləməyə daha çox üstünlük verməsinə gəlincə, Ülkər Əbülfət “Rəssamlıq sənətinin bütün sahələrində işləmək bacarığına malikəm. Əsərlərimi yağlı boya ilə çəkirəm. Amma məni daha çox qrafika üzərində portret maraqlandırır. Yağlı boyaya nisbətən tez başa gəlsə də, bunun da öz çətinlikləri var. Qrafika üzərində yapışqan və zərlə işləmək bir az təhlükəlidir. Çünki zəri atdığın an zər tutmaya bilər. Tamaşaçıların önündə biabır ola bilərsən. Şükürlər olsun ki, hələ mənim başıma belə bir iş gəlməyib”.
Bəzən çəkdiyim hansısa bir şəkillə günlərlə “danışıram”
Ülkər Əbülfəti, belə demək mümkünsə, öz fırçası ilə döyüşən rəssam kimi tanıyırıq. Bu da səbəbsiz deyil. Çünki onun vətənpərvərliklə, o cümlədən şəhidlərlə bağlı çəkdiyi yüzlərlə rəsm var. Bəs, görəsən rəssam o əsərləri çəkəndə hansı hissləri keçirir?
Həmin sualı cavablandıran müsahibimiz öncə onu dedi ki, şəhidlər həmişəlik xalqımızın qəlbində əbədiyaşar bir ömür qazanırlar: “İllər ötəcək, əsrlər keçəcək, heç vaxt onlar unudulmayacaqlar. Bu baxımdan şəhidlərin portretlərini hazırlamaq mənim həm də mənəvi borcumdur. Onu da qeyd edim ki, bu günə qədər 600-dən çox şəhidin rəsm tablosunu çəkmişəm. Evimizdə şəhidlərimizin rəsmlərini işləyirəm. Bunu mənə heç kəs demir. Özüm sevərək edirəm. Özü də təkcə şəhidlərimizin portretlərini çəkmirəm, həm də bu rəsmlərin sərgilərini təşkli edirəm. Bu günə kimi həm ölkəmizdə, həm də Azərbaycandan kənarda sərgilər təşkil etmişəm”.
Müsahibə zamanı Ü.Əbülfət bir məsələni də xüsusi vurğuladı: “Hər bir əsəri çəkməzdən əvvəl onun araşdırmasını aparıram. Bəzən əsgər forması geyinir, bəzən əsgərlərə qoşulub tank sürür, bəzən də çəkdiyim hansısa bir şəkillə günlərlə “danışıram”. Evimizin divarlarını çəkdiyim rəsmlərlə doldurmuşam”.
Həmişə Qarabağda etüd etmək arzusu ilə yaşayırdım
Bu məqamda bir məsələnin üzərində də xüsusi dayanmağı vacib bilirik. 44 günlük Vətən müharibəsindən sonra Ü.Əbülfət işğaldan azad edilən ərazilərdə ilk qadın rəssam olaraq düşməndən hərbi qənimət kimi götürülən tankların rəsmini çəkib. Bunu müsahibə zamanı onun özü bildirdi. Həmin anda hansı hissləri keçirməsinə gəlincə, müsahibimiz dedi: “Əsası Ulu Öndərimiz tərəfindən qoyulan, cənab Prezident İlham Əliyev və eyni zamanda Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasətin nəticəsində rəşadətli Azərbaycan ordusu erməni vandallarını Şərqi Zəngəzurdan və Qarabağdan təmizlədi. Mən də bir azərbaycanlı olaraq bir daha möhtərəm Prezidentimiz İlham Əliyevə və hörmətli Mehriban xanım Əliyevaya şəxsən öz adımdam, o cümlədən ailə üzvlərim adından dərin minnətdarlığımı bildirirəm ki, bu sevinci bizə yaşatdılar. Vətən müharibəsində şəhid olan övladları dünyaya gətirən anaların əllərindən öpürəm, qarşılarında baş əyirəm. Uca Allahdan şəhidlərə rəhmət diləyirəm. Ruhları şad, məkanları cənnət olsun! Qazilərə isə can sağlığı, uzun ömür, ailə səadəti arzulayıram”.
Ü.Əbülfət, həmçinin “Həmişə Qarabağda etüd etmək arzusu ilə yaşayırdım. Qarabağı heç uşaq olanda da görməmişdim. Bu arzuma 2020-ci ilin noyabr ayında nail oldum. İlk dəfə idi oranı görürdüm. Qarabağın xarabalığa çevrildiyinin canlı şahidlərindən biri oldum” dedi.
Davamı olacaq…