BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) Elmi-Metodiki Şurasının dördüncü iclası keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə deyilir ki, “iclası kitabxananın direktoru, Elmi-Metodiki Şuranın sədri, Prof. Məmməd Əliyev açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb. MEK-in təşkilatçılığı ilə keçirilən “Multikultural cəmiyyətdə kitabxanaların rolu” adlı beynəlxalq elmi konfransın nəticələri haqqında ətraflı məlumat verən direktor sözügedən konfransın hibrid formatda keçirildiyini, xaricdən xeyli sayda qonağın qatıldığını vurğulayıb. Professor beynəlxalq konfransa Azərbaycanın 13 universitetindən, 5 kitabxanasından, 11 elmi tədqiqat institutlarından ümumilikdə 122 məqalənin daxil olduğunu vurğulayıb”.
Sonra xəbərdə bildirilir ki, “ADA Universiteti Kitabxanasının direktoru, texnika üzrə fəlsəfə doktoru Elçin Məmmədov, BDU Kitabxanasının direktoru, Dos. Nigar İsmayılova və AMEA-nın “Elm” nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov beynəlxalq konfransın uğurla başa çatması barədə fikirlərini bölüşüblər. MEK-in Xidmət şöbəsinin müdiri Ofeliya Yunusovanın rəhbərlik etdiyi şöbə haqqında hesabatı dinlənilib. O, il ərzində 2 min 257 sənədin oxucuların istifadəsinə verildiyini, bunlardan 1 min 550 sənədin saxlancdan, 707 sənədin isə yardımçı fondlardan istifadə edildiyini nəzərə çatdırıb”.
Həmçinin xəbərdə, “daha sonra M.Əliyevin və Kitabxananın Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Züriyə Qarayevanın İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) təşkilatçılığı ilə Ankara şəhərində keçirilən VI Beynəlxalq Ankara Multidisiplinar Elmi Araşdırmalar Konfransında iştiraklarına dair çıxışları dinlənilib” deyə bildirilir.
Tədbirdə MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədovanın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə “Regionlarda elmin inkişaf strategiyası Heydər Əliyev zəkasının işığında” mövzusunda keçirilən beynəlxalq elmi konfransdakı iştirakları haqqında məlumat verib. S.Məmmədova MEK-də “Heydər Əliyev İli” çərçivəsində görülən işlər haqqında da danışıb.
İclasda MEK-in elmi katibi Şəbnəm Rüstəmova gündəlikdəki digər mövzuları iştirakçılara təqdim edib, qarşıda duran məsələlərin iclasda öz əksini tapdığını vurğulayıb.