Press "Enter" to skip to content

İslam maliyyəsinə dair dərs vəsaitinin təqdimatı

Təqdimatdan görüntü

BAYRAQDAR MEDİA – Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) birgə hazırladığı “İslam maliyyə sistemi və onun Azərbaycandakı perspektivləri” adlı dərs vəsaitinin təqdimatı keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Aİİ-dən daxil olub.

Xəbərdə deyilir ki, “tədbirdə İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov İİTKM ilə əməkdaşlığın əhəmiyyətindən, eləcə də bu əməkdaşlığın nəticəsi kimi ortaya çıxan dərs vəsaitinin islam maliyyəsi ilə bağlı məlumatlılığın təmin edilməsindəki rolundan danışıb. Qeyd edib ki, paralel olaraq müvafiq Tədris Proqramı da hazırlanıb və çap edilib ki, bu da dərs vəsaitinin praktiki əhəmiyyətini daha da artırır. İİTKM-in icraçı direktoru, Prof. Vüsal Qasımlı islam maliyyəsinə aid kitabın yazılmasının günün reallığından irəli gələn bir zərurət olduğunu vurğulayıb. O bildirib ki, qlobal biznes trendlərinə cavab verən islam maliyyə sistemi pulun islam prinsipləri əsasında idarə edilməsidir”.

Sonra xəbərdə, “təqdimatda çıxış edənlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, millət vəkili Ceyhun Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, Türk iqtisadiyyatı fakültəsinin dekanı Mehmet Yuce, sözügedən dərs vəsaitinin həmmüəllifi, İqtisadi resursların öyrənilməsi ictimai birliyinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev çıxış edərək kitabın əhəmiyyətindən danışıblar” deyə bildirilir.

Dərs vəsaitinin ön sözünü İslam Əməkdaşlıq Təşkilatının İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin baş direktoru Zəhra Zümrüd, giriş hissəsini V.Qasımlı yazıb. Kitabın elmi redaktorları A.Şirinov və kafedra müdiri, Dos. Əhməd Niyazov, rəyçiləri isə UNEC İslam Maliyyə Mərkəzinin rəhbəri, Prof. Zahid Məmmədov və Bakı Dövlət Universitetinin professoru Sərvər Abbasovdur. Vəsait Aİİ-nin Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunub.

Kitabda islam iqtisadiyyatı, islam maliyyə sistemi, bu sistemin elementləri və səciyyəvi xüsusiyyətləri kimi məsələlərə aydınlıq gətirilib. Müəlliflər islam iqtisadiyyatının nəzəri olaraq mahiyyətini və prinsiplərini izah edib, islam iqtisadiyyatına və islam maliyyəsinə aid olan “zəkat”, “infaq”, “qərzi-həsən”, “kəffarə” və digər anlayışların sosial-iqtisadi aspektlərini aydınlaşdırıblar.

Mission News Theme by Compete Themes.