Press "Enter" to skip to content

“ASAN xidmət”in “RoboCode” robotik kodlama düşərgəsi

“ASAN xidmət”in “RoboCode” robotik kodlama düşərgəsinə qeydoyyat başlayır

Son yeniləmə: 12 Yanvar 2024 15:40

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi Bakı”nın və “SAHA Robotics” şirkətinin birgə təşkilatçılığı ilə “RoboCode” robotik kodlama düşərgəsi başlayır.

Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 12-də “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, “əsas məqsəd avtonom sistemlərə, robototexnika və avtomatlaşdırma texnologiyalarına çıxışı asanlaşdırmaq, bu sahədə ixtisaslaşaraq karyera qurmaq istəyən gəncləri qısa müddətdə əhəmiyyətli vasitə olan “ROS” ekosisteminə aid bilik və bacarıqlarla təmin etməkdir. Eyni zamanda müvafiq istiqamətdə innovativ həlləri təşviq etməklə iştirakçılara bu sahələrdə layihələrini inkişaf etdirməyə kömək etmək prioritetdir. Bir ay boyunca davam edəcək düşərgədə iştirakçılar müasir robototexnika və avtomatlaşdırma texnologiyaları sahəsində geniş biliklər əldə edəcəklər. Həmçinin onlar yerli və xarici peşəkarlar tərəfindən təşkil olunacaq təlimlərdə təcrübi bilikləri mənimsəməklə karyera perspektivlərini genişləndirmək imkanı qazanacaqlar”.

Məlumata görə, düşərgədə “C++”, “Python” proqramlaşdırma və “Linux” biliklərinə başlanğıc səviyyədə malik olan 18-30 yaşarası gənclər iştirak edə bilərlər. Müraciət üçün son tarix: 31 yanvar 2024

Mission News Theme by Compete Themes.