BAYRAQDAR MEDİA – Fevralın 2-də mədəniyyət naziri Adil Kərimli Türk Mədəniyyəti və İrsi Fondunun (ITCHF) prezidenti Aktotı Raimkulova ilə görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Fonddan daxil olub.
Xəbərdə bildirilir ki, “qonağı salamlayan nazir A.Raimkulovanı Fondun yeni rəhbəri təyin olunması münasibəti ilə təbrik edib, işlərində uğurlar arzulayıb. Qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən qardaş türk respublikaları ilə əlaqələrin bütün sahələrdə inkişafına, mədəni əlaqələrin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verilir və dövlət başçısının təşəbbüsü və bütün türk dövlətlərinin dəstəyi ilə təsis edilən Fond bu sahədə aparıcı platformalardan biri kimi çıxış edir. ITCHF yarandığı dövrdən qardaş xalqların tarixi-mədəni mirasının qorunması, bərpası və təbliği sahəsində diqqətəlayiq fəaliyyət göstərib. Hazırda da Mədəniyyət Nazirliyi, Türk dünyasının maddi və qeyri-maddi mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması və təbliği ilə bağlı proqram və layihələrdə mütəmadi olaraq fəallıq göstərir, onların həyata keçməsinə dəstək verməkdədir”.
Sonra xəbərdə, “qəbula və təbrikə görə nazirə təşəkkürünü bildirən A.Raimkulova yeni dövrün çağırışları kontekstində “TÜRKTIME” çərçivəsində Fondun fəaliyyət istiqamətləri barədə məlumat verib. Qeyd edilib ki, Fondun üzərində düşən vəzifələrin uğurla icrasında üzv-dövlətlərin dəstəyi əsas amildir və bu xüsusda, Fondun Baş Qərargahına evsahibliyi edən Azərbaycanın rolu xüsusi əhəmiyyət daşıyır” deyə bildirilir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Fondun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təklifləri və 2024-cü il üzrə Fəaliyyət Planı, xüsusilə də ortaq türk mədəni irsinin təbliği ilə bağlı nəzərdə tutduğu təşəbbüslər müzakirə olunub.





