Press "Enter" to skip to content

İstanbul qışını isidən bənzərsiz türk ləzzətləri

İstanbulun ənənəvi isti içkiləri

Soyuq qışda isti salep və boza dadına baxılmalı olan ən yaxşı içkilər arasındadır

BAYRAQDAR MEDİA – “Küçə ləzzətlərini, Michelin ulduzlu restoranları və daha çoxunu özündə birləşdirən çoxəsrlik kulinariya ənənəsi ilə Gastrocity İstanbul gurme səyahətçilərin hər gün fərqli təam kəşf edə biləcəyi bir məkandır. Həqiqətən, özünəməxsus yemək və içki mədəniyyəti ilə məşhur şəhərdə mövsümi içkilər və yeməklər ilin istənilən vaxtında ləzzizdir. İstanbulun ənənəvi isti içkiləri isə şəhərin soyuq qış aylarında təqdim etdiyi qastronomik təcrübələr arasında önə çıxır”.

BAYRAQDAR MEDİA-ya verilən məlumatda belə deyilir.

Qeyd edilir ki, salep və boza qışda sınanmalı olan ən yaxşı içkilər arasındadır: “Özünüzü şəhərin ruhuna qərq etmək üçün İstanbulun səs-küylü küçələrində gəzərkən köhnə təamlardan birini yudumlamağa bərabər başqa hiss yoxdur. Gəlin sizdə qalıcı təəssürat yaradacaq və İstanbulda keçirdiyiniz zamanın xoş xatirələrini oyadacaq qış ləzzətləri salep və boza ilə tanış olaq”.

Salep -minlərlə illik istehlak tarixinə malik bir ləzzət

Məlumata əsasən, qurudulmuş Anadolu səhləb köklərinin tozundan hazırlanmış salep, minlərlə illik istehlak tarixinə malik bir ləzzətdir: “Bu dadlı içkinin bugünkü versiyası Osmanlı dövründə yaranmışdır. İddiaya görə Osmanlı saraylarının əsas məhsulu olan salep müalicəvi xüsusiyyətlərə malikdir. XVII əsrdə küçə satıcıları bu ənənəvi içkini qışda satmağa başlayıb, qiymətli maye böyük vedrələrdə daşınıb və tutumlu çini fincanlarda təqdim edilib. Bu günə qədər salep İstanbul qış mövsümü üçün vacib olaraq qalır və şəhərin hər yerində tapılır”.

Bildirilir ki, məşhur Maraş dondurmasının mühüm tərkib hissəsi olan salep tozu süd və şəkərlə qatılaşana qədər bişirilir və aromatik dadlı içkiyə çevrilir: “Darçın səpilmiş bir stəkan isti salep soyuq günləri isidir. Bundan əlavə, bəzi deyimlərə əsasən minerallarla dolu içkinin immunitet sistemini gücləndirməklə sağlamlığa faydalı olduğu iddia edirlir. Həqiqətən, isti bir salep İstanbulu kəşf edərkən enerjinizi qoruyacaq”.
Vurğulanıb ki, “İstanbulun ən yaxşı satış yerlərinin bir çoxunun mənzərəsi möhtəşəm Boğazın sularına açılır. Biz isə sizə bu ləziz içkini Üsküdar və Ortaköy də daxil olmaqla, Boğaz boyunca yerləşən məhəllələrdən birində dadmağı təklif edirik. Salep həmçinin şəhərin ikonik məkanlarından biri olan Pierre Loti təpəsi və Çamlıca təpəsi kimi mənzərəli ərazilərdə də satılır”.

Boza güclü müalicə mənbəyi hesab olunur

Məlumata əsasən, İstanbulda daha bir məşhur qış içkisi isə bozadır: “Qarğıdalı, buğda və digər taxıllardan istifadə olunsa da, hər yaşda insan tərəfindən sevilən boza, adətən darı ilə hazırlanan fermentləşdirilmiş taxıl içkisidir. Keskin dad və qatı teksturaya sahib olan içki qida dəyəri olaraq yüksəkdir. Osmanlı dövründə bozaxanalar insanların toplaşdığı, bir stəkan bozadan həzz aldıqları canlı ictimai mərkəzlər idi. İstanbulda qış gecələrində bozaçılar küçələrdə dolaşırdılar. Günümüzdə geniş tətbiq olunmasa da, ənənə hələ də mövcuddur. Belə ki, İstanbula gələn qonaqlar gecə saatlarında gəzərkən “boza” çağırışlarını eşidə bilərlər. Boza antioksidanlar və probiyotiklərlə, eləcə də immunitet sistemini gücləndirməyə kömək edən vitamin və minerallarla zəngin olan güclü müalicə mənbəyi hesab olunur”.

Qeyd edilib ki, tarixi yarımadada Süleymaniyyə məscidinin yaxınlığındakı Vefa məhəlləsi boza dadmaq üçün ən yaxşı yerdir: “Qış gələndə İstanbulun boza həvəskarları bölgənin məşhur boza dükanlarına axışaraq girişlərdə uzun növbələr yaradırlar. İçənin istəyindən asılı olaraq boza darçın və ya sarı noxudla da servis edilir”.

Mission News Theme by Compete Themes.