Press "Enter" to skip to content

“Sərhədsiz incəsənət” layihəsi təqdim olunub

Sərhədsiz incəsənət

BAYRAQDAR MEDİA – Fevralın 1-də Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (ADRA), Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi (AZGƏC) və sözügedən Muzeyin birgə təşkilatçılığı ilə görmə qabiliyyəti məhdud olan şəxslər üçün nəzərdə tutulmuş “Sərhədsiz incəsənət” adlı ilk inklüziv layihənin təqdimatı keçirilib.

Tədbirdə öncə Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova çıxış edib. O qeyd edib ki, dövlət inklüziv layihələrin və cəmiyyətin daha inklüziv olması yönündə daim çox işlər görür, tədbirlər keçirir. Direktor bu istiqamətdə bir neçə il öncə açılışı olmuş DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi haqqında məlumat verib. Ş.Məlikova təqdimatı keçirilən layihə haqqında danışarkən rəhbəri olduğu Muzeyin öz ekspozisiyalarını və sərgilərini hər zaman əlçatan etdiyini bildirərək ziyarətçilərin, eyni zamanda görmə qabiliyyəti məhdud insanların buradakı müxtəlif rəngkarlıq, qrafika, heykəltəraşlıq əsərləri ilə tanış ola biləcəklərini vurğulayıb. Fiziki məhdudiyyətli şəxslərin muzey həyatına, sosial və mədəni mühitə cəlb edilməsi istiqamətində davamlı layihələrin həyata keçiriləcəyi deyən direktor çıxışının sonunda layihənin dəstəkçilərinə təşəkkür edib.

Tədbir zamanı
Tədbir zamanı

ADRA-nın rektoru, Xalq rəssamı Natiq Əliyev çıxışı zamanı İncəsənət Muzeyi ilə birgə görmə qabiliyyəti məhdud, hərəkət qabiliyyəti çətin olan insanlar üçün bu layihənin gələcəkdə də davam etdirilərək növbəti dəfələrdə digər görkəmli rəssamların əsərlərinə müraciət olunacağını qeyd edib.

Layihəyə görə təşəkkürlərini bildirən AZGƏC-in sədri Səmyar Abdullayev, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Nigar Məmmədova Azərbaycanda fiziki imkanları məhdud şəxslərin, gözdən əlilliyi olan insanların bütün imkanlara əlçatanlığının təmin olunması istiqamətində ölkədə görülən işlərdən danışıb, Muzeylərin inklüziv cəmiyyətin yaranmasına töhfə olduğunu bildiriblər.

Qeyd edək ki, Azərbaycanın muzey tarixində təsviri sənət sahəsində ilk dəfə taktilliyin tətbiq olunduğu bu layihə muzeydə davam edən “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərgisi çərçivəsində keçirilib. Sərgidə Mirzə Qədim İrəvaninin bir neçə məşhur rəngkarlıq və qrafik portretlərinin və rus rəssamı Nikolay Qruşevin “İrəvan Sərdar məscidi” əsərinin relyef modelləri nümayiş olunub, eyni zamanda əsərlər haqqında məlumat Brayl əlifbası ilə təqdim edilib.

Mission News Theme by Compete Themes.