Press "Enter" to skip to content

Eskişehirdə Qarabağ Azərbaycan Parkı salınacaq

Görüşdən xatirə fotosu

Son yeniləmə: 29 Mart 2024 12:17

Melih Aydın Eskişehir Azərbaycanlılar Dərnəyini ziyarət edib

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi martın 31-də qardaş Türkiyədə yerli seçkilər keçiriləcək. Hazırda isə seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində namizədlərin görüşləri keçirilir. Bu istiqamətdə Ankara, İzmir və İstanbulla yanaşı, Eskişehirdə də xüsusi fəallıq hiss edilir. Çünki 19 ildir sosial-demokratların nəzarətində olan bu şəhərdə Bələdiyyə sədrliyi mübarizəsində qalib gəlmək üçün həm “Cümhur İttifakı”, həm İYİ Parti, həm də digər partiyalar ortaya iradə qoyublar.

Namizədlər tərəfindən Eskişehir Azərbaycanlılar Dərnəyinə xüsusi maraq

Bu arada isə onu qeyd edək ki, namizədlər tərəfindən Eskişehir Azərbaycanlılar Dərnəyinə xüsusi maraq və diqqət hiss edilməkdədir. Biz bunu Eskişehirə qısa səfərimiz zamanı da hiss etdik. Bəlli oldu ki, aparıcı namizədlərin seçki ofisləri Dərnəyi ziyarət etmək üçün artıq sədr Cavid Aydına müraciət ediblər. Bu da təsadüfi deyil.

Melih Aydın (solda) və Cavid Aydın
Melih Aydın (solda) və Cavid Aydın

Çünki Eskişehir Azərbaycanlılar Dərnəyi bu şəhərdə fəaliyyət göstərən lobbi təşkilatları və dərnəklər arasında öz fəallığı ilə seçilir. Dərnəyin çətiri altında toplananların böyük qismi həm də potensial seçicilərdir və onlar Dərnəyə daha çox diqqət ayıracaq, o cümlədən inandırıcı vədlər verəcək namizədə səs verəcəklər.

Dərnəyi ziyarət edən Melih Aydın bir çox vədlərlə çıxış edib

Bu arada qeyd edək ki, artıq namizədlərdən birinin Eskişehir Azərbaycan Dərnəyinə ziyarəti, Dərnək rəhbərliyi və fəalları ilə görüşü gerçəkləşib. Bu barədə BAYRAQDAR MEDİA-ya özəl olaraq Dərnəyin sədri Cavid Aydın məlumat verib.

Qeyd edilib ki, Dərnəyi ziyarət edən İYİ Partinin Bələdiyyə sədrliyinə namizədi Melih Aydın bir çox vədlərlə çıxış edib: “Öncə qeyd edim ki, Melih Aydın siyasətçi olmaqla yanaşı həm də uğurlu iş adamıdır. 1987-ci ildə Eskişehirdə anadan olan Melih Aydın gənc yaşlarından bizneslə məşğul olub. Onun ailəsi altmış ilə yaxındır ki, əyləncə parkı sənayesində fəaliyyət göstərir. M.Aydın, 2010-cu ildə ailə şirkətindən ayrılaraq öz brendini qurmaq üçün radikal bir qərar verib. Onun şirkətinin Türkiyədəki müxtəlif ticarət mərkəzləri daxilində əyləncə mərkəzləri, həmçinin açıq havada əyləncə parkları fəaliyyət göstərir. Bu şirkət əyləncə parkı maşınları istehsal edir. Eskişehir Mütəşəkkil Sənaye Bölgəsində yerləşən fabrikində istehsal fəaliyyətini davam etdirir”.

Melih Aydın Azərbaycanı tanıyan və sevən bir şəxsdir

Onu da qeyd edək ki, Melih Aydının Azərbaycanda da sərmayəsi var: “Dənizkənar Milli Parkda uşaq əyləncə mərkəzinin ortaq idarəçiliyi ilə məşğuldur”.

Dərnəkdəki görüş zamanı M.Aydın bildirib ki, işğaldan azad edilmiş Azərbaycan torpaqlarında, xüsuilə Laçında uşaq əyləncə mərkəzi inşa edirlər.

C.Aydının sözlərinə görə, ümumiyyətlə M.Aydın Azərbaycanı tanıyan və sevən bir şəxsdir: “Görüşümüz də çox gözəl və məhsuldar keçdi. Biz ona üzərində “Qarabağ Azərbaycandır”yazılmış bloknot hədiyyə etdik. Dedik ki, bu sizin masanızın üstündə olsun və seçiləcəyiniz təqdirdə bizə verdiyiniz vədləri unutmayın. Vədlərə gəlincə, o, qeyd etdi ki, qalib gələrsə Eskişehirdə bir Azərbaycan Qarabağ Parkı salacaq. O parkın daxilində Azərbaycan Mədəniyyət Evi, Xocalı Soyqırımı Muzeyi, yerləşəcək. M.Aydın dedi ki, o Azərbaycanda olarkən Bakıda və rayonlarda bayraq meydanlarını görüb, buna heyran qalıb. Oxşar bir meydanın da Eskişehirdə salınması üçün çalışacaq və qalib gələcəyi təqdirdə, bunu reallaşdıracaq. Bildiridi ki, Türkiyədə də belə bayraq meydanları olmalıdır. Eskişehirdə Türkiyə Bayraq Meydanın salınarkən isə onun əhatə etdiyi ərazidə Eskişehir Azərbaycanlılar Dərnəyinin ofisi də yerləşməlidir. Bu da bizim qardaşlığımızın daha bir nümunəsi olacaq. Bu meydanı ziyarət edən xarici turistlər Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu bir daha görəcəklər”.

Onu da bildirək ki, Melih Aydın öz sosial şəbəkə hesabından görüşlə bağlı paylaşım edib.

Mission News Theme by Compete Themes.