Press "Enter" to skip to content

ABŞ və Böyük Britaniya səfirlərindən Azərbaycana hörmətsizlik

Böyük Britaniya və ABŞ səfirləri Hüseyn Cavidin abidəsi önündə Aleksey Navalnını yad edirlər...

BAYRAQDAR MEDİA – Fevralın 20-də Bakıda qeyri-adi, qeyri-adi olduğu qədər də əcaib hadisə baş verib. Böyük Britaniya və ABŞ-nin Azərbaycandakı səfirləri bugünlərdə Putin həbsxanasında öl(dürül)müş müxalifət lideri Aleksey Navalnının xatirəsini yad etmək üçün birlikdə… böyük Azərbaycan mütəfəkkiri, Rusiya istilasının birbaşa qurbanı olmuş Hüseyn Cavidin abidəsini ziyarət ediblər.

Hər iki səfir bununla bağlı öz sosial media hesablarında paylaşımla böyük bir iş gördüklərini nümayiş etdiriblər. Bununla da rusların işğalının qurbanlarından olmuş böyük Hüseyn Cavidin, onunla bərabər bütövlükdə Azərbaycan xalqının heysiyyəti təhqir edilib!

Məsələ ondadır ki, səfirlərin sevdiyi müxalif Aleksey Navalnı Rusiyanı idarə edən Putin rejiminə qarşı olsa da mahiyyət etibarı ilə o da bir imperialist təfəkkürlü rusdur. Yəni bu adam da Rusiya hakimiyyətinin zirvəsindəkilər kimi Azərbaycan da daxil olmaqla keçmiş Sovet respublikalarına bir istilaçı gözü ilə baxırdı.

Hamı yaxşı bilir ki, Rusiyada hakimiyyətə müxalif olsa da Aleksey Navalnı 2008-ci ildə Rusiyanın Gürcüstanı işğalına haqq qazandırırdı.

Yaxud da elə bu Aleksey Navalnı 2014-cü ildə Rusiyanın Krımı ilhaqına haqq qazandırırdı.

Yəni səfirlərin belə bir adamı yad etmək üçün rus zülmündən əziyyət çəkmiş, repressiya qurbanı olmuş böyük Hüseyn Cavidin abidəsini seçməsi Azərbaycan xalqına qarşı böyük sayğısızlıqdır. Ona görə də ümid etmək istərdik ki, səfirlər bu səhvi dərhal düzəltmək üçün Azərbaycan dövlətindən və xalqından rəsmən üzr istəyəcəklər.

Həm də çox ümid edirik ki, Xarici İşlər Nazirliyi səfirlərin bu əməlinə görə müvafiq proseduru başladacaq…

Mission News Theme by Compete Themes.