Son yeniləmə: 22 Fevral 2024 19:38
BAYRAQDAR MEDİA – Milli Azərbaycan Tarixi Muzeyinin zəngin etnoqrafik kolleksiyasına daxil olan geyim nümunələri içərisində özünəməxsus yer tutan, yüksək bədii tərtibat, səbr və incə zövqlə toxunmuş corab öz orijinal formasında bərpa olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Muzeydən daxil olub.
Xəbərdə bildirilir ki, “corabın ən diqqət çəkici özəlliyi üzərində yer alan Azərbaycan xalçalarına xas ornamentlərdir. Təsvir olunan ev quşları isə mifoloji mənada bir simvolizmə malik ola bilər”.
Qeyd edək ki, təqdim olunan eksponat üzərində muzeyin Bərpa laboratoriyasının bərpaçı-rəssamı Qənirə Məmmədova tərəfindən bərpa və konservasiya işləri aparılıb. Bərpa prosesi zamanı corabın üzərində bəzi sökülmüş ilmələr, zədələnmiş hissələr bərpa olunub. Eksponatın öz orijinalığına xələl gətirmədən ona ikinci həyat vermək mümkün olub. Eyni zamanda corabın bərpası və yenidən nümayişi onu növbəti nəsillərə ötürməyə kömək edir.