Press "Enter" to skip to content

52 mindən çox şagird buraxılış imtahanı verib

İmtahan zamanı

BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi (DİM) martın 3-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, “imtahan 30 şəhər və rayonda təşkil olunub. İmtahanda 52 min 267 şagirdin iştirakı nəzərdə tutulurdu.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 222 imtahan binası, 3 min 941 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 222 ümumi imtahan rəhbəri, 610 imtahan rəhbəri, 4 min 899 nəzarətçi, 676 buraxılış rejimi əməkdaşı (mühafizə) və 222 bina nümayəndəsi ayrılıb”.

Məlumata görə, Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçirilib: “Bu gün Ağdərə rayon Talış kənd tam orta məktəbində də buraxılış imtahanı keçirilib. Bu, Dövlət İmtahan Mərkəzinin işğaldan azad olunan Ağdərə rayonunda təşkil etdiyi ilk imtahan idi”.

Qeyd olunub ki, imtahanda ümumilikdə 36 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib: “Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən olunmuş şəxslərə fərdi nəzarətçilər təyin edilib. İlkin məlumatlara əsasən, 2 nəfərdə mobil telefon, 1 nəfərdə isə ağıllı saat aşkarlandığı üçün imtahandan xaric edilib. Qeyd olunan hallarla bağlı araşdırma aparılır.

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan – şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub”.

Məlumatda deyilib ki, “növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı gətirməyi unutmasınlar. Martın 4-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur”.

Xatırladılıb ki, buraxılış imtahanlarında ilk dəfə olaraq imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib: “İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) cavabları da imtahandan dərhal sonra Mərkəzin saytına yerləşdirilib.

Mission News Theme by Compete Themes.