Press "Enter" to skip to content

Rusiya-Ukrayna müharibəsi yeni müstəviyə qədəm qoyub

Dos. Dr. Fatih ÇAĞATAY

Son yeniləmə: 4 Mart 2024 19:55

Dos. Dr. Fatih Çağatay Baz: Baş verən son hadisələr kontekstində bəşəriyyəti daha çox narahat edən “Kreml bu müharibədə nüvə silahından istifadə edəcəkmi” sualıdır

BAYRAQDAR MEDİA -Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Formunda (ADF) “Avropa təhlükəsizlik arxitekturasının gələcəyi” adlı paneldə Rusiya-Ukrayna müharibəsi məsələsi müzakirə edilib. Paneldə həmçinin təhlükəsizlik strategiyalarının dəyişdirilməsində Avropanın rolu və onun gələcəkdə necə formalaşacağı müzakirə olunub. Bu isə müasir dövrdə olduqca aktual xarakter daşıyır”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Osmaniye Korkut Ata Üniversitetinin İktisadi ve İdari Bilimler Fakultəsinin dekan yardımcısı Dos. Dr. Fatih Çağatay Baz deyib.

Onun sözlərinə görə, paneldə diqqəti çəkən məsələlərdən biri də Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ölkələrin NATO-ya marağının artması ilə bağlı olub: “Çıxışlarda belə bir ümumi fikir vurğulanıb ki, müharibə status-kvonu saxlamaq üçün Avropadakı ölkələri birləşdirib. Bu da təsadüfi deyil. Çünki Rusiya Prezidenti Vladimir Putinin son açıqlamaları təhdid xarakteri daşıyır. V.Putin Ukraynaya silah göndərməyi düşünən Batı ölkələrinə xəbərdarlıq edərək, “Onlar bilməlidirlər ki, bizim də onların torpaqlarını vura biləcək silahlarımız var” deyib. Bu isə ortaya başqa bir mənzərə çıxarır”.

Müsahibimizin sözlərinə görə, baş verənlər göstərir ki, müharibə bitməkdən daha çox fərqli bir müstəviyə qədəm qoymaqdadır: “Bundan əlavə, martın 17-də Rusiyada prezident seçkisi keçiriləcək. Əgər V.Putin seçkidə qalib gəlsə, onun 2030-cu ilə qədər prezident postunu tutacağı gözlənilir”.

Dos. Dr. Fatih Çağatay Baz açıqlamasında Rusiya prezidentinin seçkiyə altı həftə qalmış illik müraciətinə da toxunub: “V. Putinin çıxışları gələcəyə hesablanıb. O, rus xalqının Ukrayna müharibəsini dəstəklədiyini iddia edərək, Batının Rusiyanı məhv etmək niyyətində olduğunu bəyan edib”.

Müsahibimizin sözlərinə görə baş verən son hadisələr kontekstində bəşəriyyəti daha çox narahat edən “Kreml bu müharibədə nüvə silahından istifadə edəcəkmi” sualıdır: “Bu, hazırda bəşəriyyəti ən çox narahat edən suallardan biridir. Bu narahatedici sual dəfələrlə, xüsusən də ABŞ Prezidenti Co Bayden tərəfindən qaldırılıb. Çünki V.Putin dəfələrlə Batıya sərt xəbərdarlıq edərək, Ukraynaya qoşun yeridəcəkləri təqdirdə nüvə müharibəsi riskinin olacağını vurğulayıb. Məlumdur ki, Rusiya əsasən taktiki nüvə qüvvələrində güclüdür. Mənbələrdə Rusiyanın 5 minə yaxın nüvə başlığına malik olduğu və onların təxminən üçdə birinin taktiki hesab oluna biləcəyi bildirilir. Taktiki nüvə silahı dedikdə, ümumiyyətlə, daha az güclü döyüş başlığına istinad edə bilərik. Ancaq istənilən halda, hətta kiçik bir nüvə silahı da adi partlayıcıdan qat-qat çox zərər verəcək”.

Qeyd edilib ki, Rusiyanın istifadə etdiyi döyüş başlığının uzunmüddətli radiasiya ziyanına səbəb olması ehtimalı Ukrayna və region ölkələri üçün narahatlıq doğurur: “Belə bir vəziyyətdə Batı nüvə hücumuna öz taktiki silahları ilə cavab vermək məcburiyyətində olsa, qarşılaşacaq vəziyyət dünyanı narahat edəcək səviyyədə olacaq”.

Mission News Theme by Compete Themes.