Press "Enter" to skip to content

Ramazan ayında balanslı qidalanma vacibdir

Zakir Quliyev

Səhiyyə Nazirliyinin eksperti, terapevt Zakir Quliyev: “Ramazan ayı qidalanma vərdişlərinin dəyişdiyindən bu dövrdə ümumi sağlamlıq qaydalarına diqqət yetirmək lazımdır”

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev Ramazan ayında balanslı qidalanma ilə bağlı məlumat verib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Z.Quliyev bildirib ki, Ramazan ayında balanslı qidalanmaya diqqət yetirilməlidir, istilik və rütubətin artması səbəbindən orqanizmin maye ehtiyacını ödəmək üçün iftar və imsak arasındakı saatlarda 2-2,5 litr su içmək lazımdır. O həmçinin qeyd edib ki, Ramazanda bədəndə maye ehtiyacını artıran çay və qəhvə istehlakı minimuma endirilməli, xüsusilə çəki problemi və şəkəri yüksək olanlar Ramazan ayında hazır meyvə şirəsi kimi içkilər əvəzinə bədənin maye ehtiyacını ödəyəcək daha çox mineral sulara üstünlük verməlidirlər”.

Terapevt onu da deyib ki, bütün günü ac qalmaq qanda şəkər balansını pozur, diabet xəstələri gündə 3 əsas yemək və 3 qəlyanaltı yeməlidirlər: “Oruc tutmaq istəyən hipoqlikemiya riski olan diabet xəstələri həkimlərindən məsləhət almalıdırlar. Oruc tutmaq böyrək çatışmazlığı olanlar üçün problem yaradır. Bu xəstələrin böyrək funksiyaları maye itkisi səbəbindən zəifləyir. Böyrək çatışmazlığı olan insanlar da oruc tutmaq üçün həkimlərin tövsiyələrinə əməl etməlidirlər. Xroniki xəstəlikləri, xüsusilə hipertoniya, ürək xəstəlikləri olan insanlar müəyyən saatlarda dərmanlardan istifadə etməlidirlər. Bu qrupdakı xəstələrin mütəxəssis həkim məsləhəti olmadan oruc tutması tövsiyə edilmir. Hamilələr, süd verən analar özlərinin və körpələrinin sağlamlığı məqsədilə oruc tutmaq üçün ginekoloqlarından məsləhət almalıdırlar. Hər hansısa bir xəstəliyin kəskinləşmə mərhələsində, aktiv infeksiyalı vəziyyətlərdə də həkim məsləhəti olmadan oruc tutulması zərərli ola bilər”.

Ekspert oruc tutmağın insan orqanizminə faydaları haqqında danışıb. Bildirib ki, uzun müddət aclığa səbəb olan oruc, kalori qəbulunu məhdudlaşdıraraq və maddələr mübadiləsini sürətləndirərək, bədəndəki yağ yandırma prosesini dəstəkləyir: “Oruc tutmaq orqanizmin uzun müddət ac qalması nəticəsində insulin müqavimətini və qan şəkərini azaltmağa kömək edir. İnsulin müqavimətinin azaldılması həm də qlükozanın qandan hüceyrələrə daha səmərəli şəkildə daşınmasına imkan verir. Bədəni yeniləyən oruc, bu təsiri sayəsində immunitet sistemini gücləndirir və insanı xəstəliklərə qarşı daha möhkəm edir”.

Z.Quliyev eləcə də deyib ki, oruc sinir hüceyrələrinin yenilənməsinə töhfə verməklə beyin sağlamlığını və idrak funksiyalarını yaxşılaşdırmağa kömək edir: “Uzun müddət ac qalmaq hüceyrələrin yenilənməsin sürətləndirir və dəri hüceyrələri bu prosesdə yenilənib canlanır və güc qazanır. Oruc tutmaq qan təzyiqi, xolesterin və trigliserid səviyyələrini azaltmağa kömək edir, bununla da ürək sağlamlığının qorunmasında böyük rol oynayır”.

Terapevt sonda vurğulayıb ki, orucun fiziki faydaları ilə yanaşı, psixoloji faydaları da var. Oruc tutmaq insanın iradəsini və səbrini təkmilləşdirməklə yanaşı, həm də insana özünü idarə etmək həvəsi aşılayır.

Mission News Theme by Compete Themes.