Press "Enter" to skip to content

Kitab tanıtma: “Qərbi Azərbaycan aşıqları”

Qərbi Azərbaycan aşıqları

Son yeniləmə: 13 Mart 2024 15:11

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında qorunan nəşrlərdən biri də “Qərbi Azərbaycan aşıqları (poeziya antologiyası)” kitabıdır.

Azərbaycan Aşıqlar Birliyinin ərsəyə gətirdiyi topluda Qərbi Azərbaycan torpaqlarında – İrəvan, Zəngəzur, Dərələyəz, Göyçə, Qaraqoyunlu, Dərəçiçək-Loru-Pəmbək və Ağbaba mahallarında yaşayıb-yaratmış ustad aşıqların poetik irsindən nümunələr toplanıb.

Antologiya ayrı-ayrı zaman kəsiklərində Qərbi Azərbaycanda yaşayıb yaratmış ustad sənətkarların zəngin ədəbi irsi, buradakı aşıq mühitlərinin sənət ənənəsi, tarixi-mədəni prosesin inkişaf dinamikası, coğrafi arealın hansı milli-mənəvi zənginliyə köklənməsi haqqında informasiya vermək baxımından dəyərli bir qaynaqdır.

Şeirlərin seçimi zamanı toponimik səciyyəli yer-yurd adlarını və saz havalarındakı yurd nişanələrini özündə əks etdirən şeirlərə üstünlük verilib. Qərbi Azərbaycan mahalları ilə bağlı saz havaları nizamlanaraq ayrıca siyahı şəklində oxuculara təqdim edilib. Şeirlərdə yer almış yer-yurd adları da ayrıca göstərici-cədvəl şəklində təqdim olunub, ərəb-fars sözlərinin və arxaik sözlərin izahı verilib.

Qərbi Azərbaycan aşıqlarının poeziya antologiyası həm də bir yaddaş kitabıdır. Kitab İrəvanın, Zəngəzurun, Dərələyəzin, Göyçənin, Ağbaba və digər mahalların səsini-nəfəsini bu günə və sabaha çatdırmaqda əhəmiyyətli rola malikdir.

Qeyd edək ki, nəşrin elmi məsləhətçisi Aşıqlar Birliyinin sədri, Dövlət Mükafatı lauretaı Məhərrəm Qasımlı, layihənin koordinatoru Nigar Helmi Abbasbəyli, elmi redaktoru filologiya elmləri doktoru, Prof. Mahirə Hüseynova, hazırlayanları isə Əməkdar elm xadimi, Prof. Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, Prof. Mahmud Allahmanlı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, filologiya üzrə fəlsəfə doktoru, Dos. Altay Məmmədlidir.

Redaksiyadan: Dəyərli oxucular. Materialların qarışdırılması səbəbindən bu keçiddəki yazıda da qarışıqlıq olub. Onu düzəldir və rahatsızlıq verdiyimiz üçün hər kəsdən üzr istəyirik.

Mission News Theme by Compete Themes.