Press "Enter" to skip to content

“CyberCamp 2024” yaz düşərgəsinin növbəti mövsümü

Cyber Camp

BAYRAQDAR MEDİA – 21-25 mart tarixlərində “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin (ETN) dəstəyi ilə Quba rayonunda “CyberCamp 2024” tələbələr üçün yaz düşərgəsinin növbəti mövsümü keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “yaz düşərgəsində kompüter elmləri, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları və ya kibertəhlükəsizlik ixtisasları üzrə təhsil alan bakalavriat və magistratura tələbələri və qeyd edilən sahələr üzrə bilik və bacarıqlara malik digər ixtisas tələbələri, həmçinin son 2 ildə məzun olmuş şəxslərin iştirakı nəzərdə tutulur. Düşərgə ərzində kibertəhlükəsizlik üzrə veb-proqram təminatlarında rast gəlinən və “OWASP Top 10” üzrə klassifikasiya olunan təhlükəsizlik çatışmazlıqlarına dair laboratoriya işləri (CTF formasında), əməliyyat sistemlərində imtiyazların yüksəldilməsi, zərərli proqram təminatının analizi və tərsinə mühəndisliyə aid tapşırıqlar, kriptoqrafiyaya dair tapşırıqlar kimi praktiki fəaliyyətlərin təşkili planlaşdırılır”.

Bildirək ki, düşərgədə iştirak etmək üçün martın 15-dək qeydiyyatdan keçmək lazımdır.

Qeyd edək ki, layihənin məqsədi kibertəhlükəsizlik sahəsində özünü inkişaf etdirmək istəyən, bu sahədə karyera hədəfləri olan tələbə və gənclərin bir mühitdə toplanması, komanda işinə cəlb olunması, həmçinin yeni iş imkanları əldə etməsinə şərait yaratmaqdır.

Mission News Theme by Compete Themes.