Press "Enter" to skip to content

Güney Qafqazda formalaşdırılan “şər ittifaqı”

Dr. Yücel Karauz

Son yeniləmə: 13 Mart 2024 15:36

Dr. Yücel Karauz: Birləşmiş Ştatlar bu “şər ittifaqı” vasitəsilə Türkiyə və Azərbaycana, ümumilkikdə isə türk dünyasına qarşı hücuma keçib

BAYRAQDAR MEDİA – “Bu gün qlobal məkanda, xüsusilə Güney Qafqazda cərəyan edən proseslər, bu regionla bağlı səslənən bəzi bəyanatlar, hərəkətlilik ortaya bəlli bir reallığı çıxarır. Bu reallıq ondan ibarətdir ki, bəlli xarici ölkələr Türkiyəyə və Azərbaycana qarşı bir ittifaqda birləşməkdədirlər”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.

Onun sözlərinə görə, həmim “şər ittifaqı”na Yunanıstan, Ermənistan və Kıbrısın rum kəsiminin daxil olduğu əvvəllər bəlli idi: “Yəni bu üçlük türk dünyasına qarşı müxtəlif cəbhələrdə, hər zaman istər siyasi, istər hərbi, istərsə də digər sahələrdə haqsız mübarizə aparıb. Eyni zamanda bu üç dövlətin üçü də türklərə qarşı soyqırımları, qanlı faciələr törədiməsində baş rolda olublar. Lakin maraqlı cəhətlərdən biri də son vaxtlar Hindistanın da bu “şər ittifaqı”na qoşulmasıdır”.

Dr. Y.Karauz hesab edir ki, əslində bu məqam, yəni Hindistanın da prosesdə yer alması “şər ittifaqı”nın hansı gücün ağlı ilə formalaşdırıldığına işıq salır: “Məsələnin mahiyyəti bundan ibarətdir ki, bunları idarə edən kənar bir güc, kənar bir ağıl var. Söhbət ABŞ-dan gedir. Elə Fransanı son vaxtlar aktiv şəkildə bu regionda önə sürən, yəni Fransanın əli ilə Ermənistanı qızışdıran da məhz Birləşmiş Ştatlardır. Bir sözlə, Birləşmiş Ştatlar bu “şər ittifaqı” vasitəsilə Türkiyə və Azərbaycana, ümumilkikdə isə türk dünyasına qarşı hücuma keçib”.

Qeyd olunub ki, bu gün dünyanın müxtəlif yerlərində münaqişə ocaqları yaradan ABŞ indi də Güney Qafqazı “qan çanağı”na döndərmək istəyir: “ABŞ bununla həm də İran və Rusiyanı da küncə sıxmaq niyyəti güdür. Ona görə də region ölkələri kifayət qədər ağıllı və düşünülmüş siyasət yürütməli, oyunları pozmalıdırlar. Hazırda oyunların mərkəzində dayanmış kimi görünən Ermənistan isə ağıllı olmalıdır. Çünki Türkiyə və Azərbaycanın hərbi qüdrəti və əsgərlərinin döyüş şücaəti hər kəsə bəllidir. Belə olan halda hansısa kənar təhriklərə uyub ağılsız addım atmaq Ermənistanı Ukraynadan da acınacaqlı durumla üzləşdirə bilər”.

Mission News Theme by Compete Themes.