Press "Enter" to skip to content

MEK Özbəkistanda konfransa qatılıb

Prof. Məmməd Əliyev çıxış edərkən

BAYRAQDAR MEDİA – Martın 18-də qardaş Özbəkistanın Xarəzm vilayətində keçirilən “Türk xalqlarının mentalitetinin təhsillə gücləndirilməsinin hazırki məsələləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Konfransa AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, Prof. Məmməd Əliyev onlayn qoşulub.

M.Əliyev çıxışı zamanı Prezident İlham Əliyevin andiçmə mərasimindəki Türk Dövlətləri Təşkilatının gücləndirilməsinin Azərbaycanın siyasətinin əsas prioritetlərindən biri olduğu sözlərini xatırladıb. Professor çıxışında həmçinin rəhbəri olduğu müəssisənin türk dövlətləri ilə əməkdaşlığından söz açıb. O, eləcə də bir müddət öncə Özbəkistan Prezidentinin azad olunmuş Füzulidə, Şuşada olarkən Türk dünyasının birliyi ilə bağlı dediyi fikirləri səsləndirib. Direktor yaxın zamanda MEK-də Özbəkistan ədəbiyyatı həftəsinin keçiriləcəyini də bildirib. Çıxışının sonunda o, bütün türk dünyasına uğurlar diləyərək hər kəsi Novruz və Ramazan bayramları münasibəti ilə təbrik edib.

Züriyə Qarayeva çıxış edir
Züriyə Qarayeva çıxış edir

Konfransda Özbəkistana ezamiyyə olunan MEK-in Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva “Zəngəzur dəhlizi türk xalqlarının birliyinin təminatı rolunda” adlı məruzə ilə çıxış edib. O, çıxışı zamanı Zəngəzurun 1920-ci ildə Azərbaycandan alınaraq Ermənistana verilməsi haqqında söhbət açıb. Politoloq çıxışında həmçinin Azərbaycanın 44 günlük Vətən müharibəsində öz torpaqlarını erməni işğalından azad etməsinin yalnız Azərbaycanın suverenliyinin, konstitusion hüquqlarının təminatı ilə nəticələnmədiyini, bunun eyni zamanda türk xalqlarının da birliyinə, dəyərlərinin birləşməsinə töhfə verəcək bir proses olduğunu deyib. Məruzədə eləcə də MEK-də türk xalqları ədəbiyyatının qorunması, tanınmış ziyalılara həsr olunmuş tədbirlərin keçirilməsi barədə ətraflı məlumat verilib.

Z.Qarayeva çıxışının sonunda türk xalqlarının birliyinin daimi olacağını deyərək hər kəsi Novruz və Ramazan bayramları münasibəti ilə təbrik edib.

Mission News Theme by Compete Themes.