Press "Enter" to skip to content

Rusiya Batının oyununa gəlməməlidir

Dr. Yücel Karauz

Son yeniləmə: 27 Mart 2024 14:41

Dr. Yücel Karauz: “Krokus Siti Hol”da törədilən terror aktı “bir güllə ilə bir neçə quş vurmaq” siyasətinə xidmət edir

BAYRAQDAR MEDİA – “Martın 22-də Moskvada, “Krokus Siti Hol”da törədilən terror aktı həm Rusiyada, həm də Rusiyanın təsir dairəsində olan digər ərazilərdə ciddi nəticələrə səbəb olacaq”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz bildirib.

Onun sözlərinə görə, bu qanlı cinayət Rusiya-Ukrayna müharibəsinin bundan sonrakı gedişatına, həmçinin Rusiya-NATO, Rusiya-ABŞ münasibətlərinə öz təsirini göstərəcəkdir: “Çünki bu qanlı terror aktı zamanı istifadə edilən “maşalar”ın Ukraynaya qaçmaq istəməsi, o cümlədən terrorun olacağına dair ABŞ-ın Moskvadakı səfirliyinin öncədən xəbərdaredici məlumala çıxış etməsi faktı gözdən qaça bilməz. Bu sadalananlar ona işarə edir ki, əslində, bu terror aktı həm Rusiyanın nüfuzunu zədələmək, onun zəif ölkəyə çevrildiyi təsəvvürünü formalaşdırmaq, həm də Rusiya-Ukrayna müharibəsini daha da qızışdırmaq məqsədi ilə törədilib”.

Müsahibimiz vurğulayıb ki, terror aktı ilə bağlı digər bir məqam da düşündürücüdür: “Söhbət terror aktında vasitə, “maşa” kimi istifadə edilənlərin Orta Asiyadan, tacik əsilli olmasıdır. Onların kasıb təbəqini təmsil etməsi, radikal dini qruplaşmanın üzvü olması da təsadüfi seçilməyib. Burada da məqsəd yenə daha çox savaşa, daha çox qanın tökülməsinə təkan verməkdir. Yəni, bu sadalanan faktlar terror planını hazırlayan xarici beyin mərkəzlərinin Rusiyanı Orta Asiyada, o cümlədən öz daxilində müsəlman-türk xalqlara qarşı qaldırmaq, yeni milli, dini və irqi savaşlara yol açmaqdır. Bir sözlə, bu bir tərəfdən Rusiyanı türk-müsəlman xalqlara qarşı müharibəyə sövq etmək, digər yandan isə Moskvanın diqqətini Batıdan yayındırmaq məqsədinə xidmət edir. Təbii ki, indi hər şey Rusiyanın dövlət ağlının, dərin dövlətinin atacağı addımlardan aslıdır. Rusiya kifayət qədər sakit, düşünülmüş addım atmalı, Batının oyununa gəlməməlidir. Əks təqdirdə regionu uzun müddətli savaşlar gözləyə bilər”.

Dr. Yücel Karauz sonda “bütün bunları qeyd etməklə yanaşı, bildirməyi özümə borc bilirəm ki, “Krokus Siti Hol”da törədilən terror aktı “bir güllə ilə bir neçə quş vurmaq” siyasətinə xidmət edir” deyib.

Mission News Theme by Compete Themes.