Press "Enter" to skip to content

“Xanuma” tamaşası Şəkidə nümayiş olunub

"Xanuma" Şəkidə

BAYRAQDAR MEDİA – Martın 27-də Akademik Milli Dram Teatrı “Xanuma” tamaşası ilə Şəki Dövlət Dram Teatrında çıxış edib.

Bu haqda sözügedən Teatrın yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “Beynəlxalq Teatr Günü münasibəti ilə təşkil olunan qastrol səfəri Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən qastrol aksiyası çərçivəsində reallaşıb. Məqsəd regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır”.

Sonra xəbərdə deyilir ki, “tamaşada xalq artistləri Bəsti Cəfərova, Cəfər Namiq Kamal, Hacı İsmayılov, Səidə Quliyeva, Kazım Abdullayev, əməkdar artistlər Mətanət Atakişiyeva, Məsmə Aslanqızı, Elşən Rüstəmov, Elşən Cəbrayılov, Şəlalə Şahvələdqızı, Elnar Qarayev, aktyorlar Ramin Şıxəliyev, Vüsal Mustafayev, Elçin Əfəndi, Tural İbrahimov və Şəki şəhər 2 saylı musiqi məktəbinin müəllimi Vəfa Əliyeva çıxış edib. Mikayıl Mikayılovun quruluşunda hazırlanan tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayevdir. Rəqslərin quruluşu Zakir və Yelena Ağayevlərə məxsusdur. Qeyd edək ki, Avksenti Saqarelinin 1882-ci ildə yazdığı əsərdə hadisələr XIX əsrdə Tiflisdə cərəyan edir. Müflisləşən knyaz bu bəladan yaxa qurtarmaq, borclarını qaytarmaq və rahat yaşamaq üçün evlənmək istəyir. Ərə getmək, evlənmək, nişanlanmaq istəyən hər kəs Xanuma adlı aradüzəldən qadının yardımına möhtacdır. Onun bacarmadığı iş yoxdur. “Xanuma” ağıllı və hazırcavab Qafqaz qadınına həsr olunmuş əsərdir”.

Səhnə əsəri Şəki tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb.

Mission News Theme by Compete Themes.