Press "Enter" to skip to content

Daşa nəzir verir kövrək adamlar…

Aqşin DADAŞOĞLU

BAYRAQDAR MEDİA Aqşin Dadaşoğlunun şeirini təqdim edir:

Deyir musiqinin səsin bir az al,
Yanından keçdiyin pirdi, qardaşım.
Daşa nəzir verir kövrək adamlar,
Bu necə qəribə yerdi, qardaşım?!

Yezidi pisləyir ağır seyidlər,
Cavanlar başını xəncərə çaxır.
Nəzir qutusuna girir qəpiklər,
Nəzir qutusundan villalar çıxır.

Elm öyrən deyibdir bütün rəsullar,
Mənim qazandığım kitaba gedir.
Məkkədə kəsilən qurban qoyunlar,
ABŞ ordusunda kababa gedir.

Kimin ilməsi var bəs bu düyündə?
Yenə xəlifəlik Əlinin deyil?
Başı kəsilən də, başı kəsən də,
Ya Allah, ya Allah, ya Allah deyir.

Heç kim keçə bilməz bu deşik daşdan,
Boş başlar yekədi, daş deşiyi dar.
Rəsulun dəvəsi çıxmadı qışdan,
Şeyxinsə milyonluq maşınları var..

Deyir musiqinin səsin bir az al,
Yanından keçdiyin pirdi, qardaşım.
Daşa nəzir verir kövrək adamlar,
Bu necə qəribə yerdi, qardaşım?!

Mission News Theme by Compete Themes.